"Bir çox xalqların folklorunda çoxbaşlı əjdaha motivi var. O, firavan həyata mane olan əsas varlığı təcəssüm edir. Ermənistan cəmiyyəti üçün firavan həyata və sülhə əngəl olmağa çalışan bu qüvvə işğal siyasətinin aparıcı simaları olan partiya və bloklar, o cümlədən onların təmsilçiləridir. Onlar tarixən qonşularına ərazi iddiaları irəli sürən, yaşadıqları cəmiyyət daxilində separatizm və terror ideyalarını yayan, gəncləri silaha və revanşist fikirlərə sarılmağa səsləyən daşnak təfəkkürlü şəxslərdir. XIX əsrdə Osmanlı dövlətinə qarşı, XX əsrdə Türkiyəyə qarşı, həm XX əsr boyu, həm də indi Azərbaycanda terror və separatçı hərəkatları məhz bu ideyalarla bəsləyiblər. Odur ki, Paşinyan hazırda bu vahid ideyaya xidmət edən 3 əsas şəxsin simasında — Koçaryan, Karapetyan və Sarkisyan timsalında — regional sülhə qarşı çıxan 3 əsas bloku (“Hayastan”, “Güclü Ermənistan”, “Şərəfim var”) “üçbaşlı müharibə partiyası” epiteti ilə xarakterizə edir. Ötən seçki marafonlarında bu epitet daxilində Sarkisyan və onun bloku da yer alırdısa, 7 iyun seçkilərində Sarkisyan proseslərə kənardan müdaxilə etməyə çalışır. Paşinyan bildirib ki, Sarkisyanın seçkidə iştirak etmədiyini demək yanlış olar".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə deyib.
Qeyd edək ki, Ermənistanda parlament seçkilərinə sayılı günlər qaldıqca, siyasi atmosfer daha da gərginləşir və qarşılıqlı təzyiqlər artır. İyunun 7-də keçiriləcək seçkilərdə Baş nazir Nikol Paşinyanın əsas rəqibləri sabiq prezident Robert Köçəryan, rusiyalı milyarder Samvel Karapetyan və biznesmen Qaqik Sarukyandır. Siyasi mübarizə fonunda tərəflər arasında sərt ittihamlar və təhqiramiz açıqlamalar da diqqət çəkir. Ermənistan mediasında Rusiyada yaşayan on minlərlə Ermənistan vətəndaşının pul müqabilində müxalifətə səs vermək üçün ölkəyə gətiriləcəyi iddiası ilə bağlı səsyazıları yayılıb. Bununla bağlı danışan Paşinyan müxalif qüvvələri insanlara alqı-satqı predmeti kimi yanaşmaqda ittiham edib. Baş nazir Köçəryan, Karapetyan və Sarukyanı “üçbaşlı müharibə koalisiyası” adlandıraraq, onların təsir imkanlarını məhdudlaşdıracağını bildirib.
Siyasi şərhçi qeyd edib ki, bu metafora müvafiq siyasi qüvvələrin tarixi-siyasi mahiyyətini əks etdirir.
"Daimi müharibə, işğal və terrorizm ideyası ilə yoğrulan bu siyasi qüvvələrin hansı vasitələrə əl atmasından asılı olmayaraq, onlara qarşı əsas sipəri Ermənistan xalqında görən Paşinyan cəmiyyəti seçki saxtakarlıqlarına yol verməməyə, xarici qüvvələrin maraqlarına xidmət edərək Ermənistanı uğursuz dövlət modelinə çevirməyə çalışanları ifşa etməyə səsləyir".
Rəfiqə Namazəliyeva,
AzNews.az