Ceff Bezosdan vergi çağırışı: Kasıblar gəlir vergisi ödəməməlidir

21 May 2026 18:35 (UTC+04:00)

Amazonnin idarə heyətinin sədri Ceff Bezos aşağı gəlirli vətəndaşlar üçün federal gəlir vergisinin ləğv edilməsinə çağırıb.

Bu barədə CNBC məlumat yayıb.

Bezos “Squawk Box” proqramında çıxışı zamanı bildirib ki, ABŞ-də ən yüksək gəlirə sahib olan 1 faiz vergi ödəyicisi bütün vergi daxilolmalarının təxminən 40 faizini ödəyir, əhalinin aşağı yarısı isə cəmi 3 faiz paya malikdir.

“Düşünmürəm ki, bu göstərici 3 faiz olmalıdır. Hesab edirəm ki, sıfır olmalıdır”, – deyə Bezos vurğulayıb.

Amerikalı milyarder aşağı gəlirli insanların ödədiyi gəlir vergisinin hökumət üçün əhəmiyyətli məbləğ olmadığını bildirib və illik 75 min dollar qazanan tibb işçisini nümunə göstərib.

“Biz Kvinsdə yaşayan həmin tibb bacısından Vaşinqtona pul göndərməsini tələb etməməliyik. Əksinə, Vaşinqton ona üzrxahlıq etməlidir. Bunun heç bir mənası yoxdur”, – deyə Bezos qeyd edib.

O əlavə edib ki, bu dəyişiklik üçün təşəbbüs göstərəcək, lakin qanunun necə qəbul edilə biləcəyi barədə detalları açıqlamayıb.

Bezos həmçinin bildirib ki, İranla müharibə fonunda yanacaq qiymətlərinin artması aşağı gəlirli insanların büdcəsinə daha ağır təsir edir. Onun sözlərinə görə, ABŞ-də “iki fərqli iqtisadi reallıq” formalaşıb: bir qrup çox rahat yaşayır, digər qrup isə ciddi çətinliklərlə üzləşir.

Mövsüm,

AzNews.az