“Səsiniz olaq”dan eşitmə və nitq məhdudiyyətli 650-dən çox şəxs faydalanıb

21 May 2026 19:35 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin “Səsiniz olaq” adlı onlayn surdotərcümə xidmətindən 650-dən çox şəxs faydalanıb.

Aznews.az xəbər verir ki, Bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, ötən ilin iyul ayında Azərbaycanda ilk dəfə olaraq fəaliyyətə başlayan bu xidmət eşitmə və nitq məhdudiyyətli şəxslərin müraciətlərinin üçüncü tərəfə (dövlət qurumları, özəl sektor və s.) ötürülməsi işini yerinə yetirir. Bu xidmət işarət dilini bilməyən tərəflərlə eşitmə və nitq məhdudiyyəti olan şəxslər arasında “virtual körpü” rolunu oynayır. Həmin şəxslər videozəng və ya yazılı mesaj vasitəsilə operatorla əlaqə saxlayır, operator isə surdotərcüməçi funksiyasını icra edərək müraciətin istiqamətinə uyğun olaraq aidiyyəti üçüncü tərəflə əlaqə yaradır və onlayn kommunikasiya qurulur.

Qeyd edilib ki, xidmətdən yararlanmaq üçün vətəndaşlar 055 213 19 97 əlaqə nömrəsinə “WhatsApp” və ya “Telegram” platformaları vasitəsilə müraciət edə bilərlər. “Səsiniz olaq” surdotərcümə xidməti bazar günü istisna olmaqla, həftənin 6 günü — bazar ertəsindən şənbə gününədək saat 09:00-dan 16:00-dək fəaliyyət göstərir.