“Sərt qadağalar uşaqları valideyndən uzaqlaşdıra bilər” - Nailə İsmayılova

21 May 2026 21:47 (UTC+04:00)

"Müasir dövrdə valideyn–uşaq münasibətlərində yaranan gərginliyi yalnız texnologiya ilə izah etmək doğru olmazdı. Telefon, sosial şəbəkələr və rəqəmsal mühit bu problemi daha görünən edən amillərdən biridir, amma əsas məsələ daha çox tərbiyə modelinin, həyat ritminin və ünsiyyət formasının dəyişməsidir. Əvvəlki nəsillərdə ailədaxili münasibətlər daha çox nəzarət və itaət üzərində qurulurdu. Uşaqlar valideynlə daha az mübahisə edir, verilən qərarları daha çox qəbul edirdilər. İndi isə uşaqlar informasiya baxımından daha açıq bir mühitdə böyüyür, fərdi fikir formalaşdırır və emosional ehtiyaclarını ifadə etmək istəyirlər. Valideynlərin bir qismi isə hələ də köhnə idarəetmə modelini tətbiq etməyə çalışır. Məhz burada nəsillərarası toqquşma ortaya çıxır".

Bu fikirləri Aznews.az-a açıqlamasında sosioloq Nailə İsmayılova deyib.

Qeyd edək ki, son illərdə valideynlər və uşaqlar arasında ünsiyyət problemi daha çox gündəmə gəlir. Eyni evdə yaşasalar da, fərqli “dünyalarda” yaşayan nəsillər formalaşır: valideynlər real ünsiyyətə üstünlük verdiyi halda, uşaqlar və yeniyetmələr daha çox rəqəmsal mühitdə — telefon və sosial şəbəkələrdə vaxt keçirir. Bu vəziyyət bəzən ailədaxili anlaşılmazlıqlara, emosional uzaqlaşmaya və nəzarət konfliktlərinə səbəb olur.

Sosioloq qeyd edib ki, texnologiya bu fərqi daha da kəskinləşdirir.

"Sosial şəbəkələr uşaqlar üçün təkcə əyləncə deyil, həm də ünsiyyət, özünüifadə və sosial qəbul platformasına çevrilib. Valideyn isə bunu çox vaxt “asılılıq” və ya “vaxt itkisi” kimi qiymətləndirir. Problem ondadır ki, tərəflər bir-birinin dünyasını anlamadan yalnız öz baxışını doğru hesab edirlər. Sərt qadağalara gəldikdə isə, qısamüddətli nəzarət yaratsa da, uzunmüddətli həll deyil. Çünki tam qadağa uşağın marağını azaltmaq əvəzinə, bəzən gizli davranışları artırır, valideynə qarşı etimadı zəiflədir və emosional məsafə yaradır. Xüsusilə yeniyetmə dövründə “mənə inanılmır” hissi aqressiya və üsyankar davranışlara səbəb ola bilər. Daha sağlam yanaşma nəzarətlə yanaşı dialoqun qurulmasıdır. Uşaqla yalnız dərs, qayda və qadağa üzərindən yox, onun hissləri, maraqları və gündəlik həyatı üzərindən də ünsiyyət qurulmalıdır. Valideyn uşağın rəqəmsal dünyasını tamamilə rədd etmək əvəzinə, onu anlamağa çalışdıqda münasibətlər daha balanslı olur. Bu gün bir çox ailədə əsas problem texnologiyanın özü deyil, insanların eyni evdə yaşayıb bir-birini dinləməməsidir. Uşaq diqqəti telefonda axtarırsa, bəzən bunun səbəbi evdə emosional yaxınlığın zəifləməsi də ola bilər. Ona görə də müasir ailədə ən vacib məsələ nəzarətdən çox qarşılıqlı etibar və ünsiyyət mədəniyyətidir".

Rəfiqə Namazəliyeva,

AzNews.az