"Son illərlə müqayisədə bu il III ixtisas qruplarında müəyyən azalma müşahidə olunub. Əvvəlki illərdə II ixtisas qrupunda rəqabət nisbətən daha aşağı idisə, bu il II qrupda iştirakçı sayı III qrupla müqayisədə daha yüksək görünür. Ümumilikdə III ixtisas qrupunda daha yüksək rəqabət əsasən hüquq istiqamətində müşahidə olunur. Bundan əlavə, dövlət və ictimai münasibətlər, eləcə də beynəlxalq münasibətlər ixtisasları da yüksək bal toplayan abituriyentlərin daha çox üstünlük verdiyi sahələr sırasındadır. Xüsusilə hüquq ixtisası prestijinə görə ən yüksək rəqabətin olduğu ixtisas hesab olunur. Bu səbəbdən həmin istiqamətlərdə ciddi rəqabət formalaşır".
Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.
Qeyd edək ki, son illərdə əmək bazarında baş verən dəyişikliklər və abituriyentlərin seçim meylləri ali təhsil sahəsində rəqabətə birbaşa təsir göstərir. Xüsusilə III ixtisas qrupu üzrə müraciətlərin artması, eyni zamanda plan yerlərinin məhdudluğu bu qrupda rəqabəti daha da gücləndirir.
Ekspert qeyd edib ki, bəzi abituriyentlər əvvəlki illərdə III ixtisas qrupunu seçmələrinə baxmayaraq, bu il II ixtisas qrupuna yönəlmə tendensiyası da müşahidə olunur.
"Bu tendensiyanın müəyyən səbəbləri var. Məsələn, 250 bal toplayan bir abituriyent III qrupda arzuladığı ixtisasa qəbul olunmaya bilər, lakin II qrupda iqtisadiyyat yönümlü sahələrə qəbul imkanı əldə edə bilər. Bu düşüncə ilə aşağı və orta bal toplayan abituriyentlərin bir hissəsi II ixtisas qrupuna daha çox üstünlük verir. Nəticə etibarilə, II ixtisas qrupunda həm plan yerlərinin daha çox olması, həm də nisbətən aşağı balla qəbul imkanlarının mövcudluğu bu qrupun daha cəlbedici olmasına səbəb olur. Xüsusilə iqtisadiyyat və turizm yönümlü ixtisaslara qəbul şansı daha yüksək olduğu üçün abituriyentlər bu istiqamətə meyl edirlər".
Rəfiqə Namazəliyeva,
AzNews.az