Ən geniş yayılmış mina növlərindən biri Rusiya istehsalı PMN tipli piyada əleyhinə minaların surətləridir. Bundan əlavə, əməliyyatlar zamanı müxtəlif növ partlayıcı qurğular və döyüş sursatları ilə də qarşılaşırıq.
Aznews.az xəbər verir ki, bunu Azərbaycan Republikasının Minatəmizləmə Agentliyinin təşkilatçılığı ilə təşkil olunan “Münaqişədən sonrakı şəhər rekonstruksiyası: Humanitar minatəmizləmənin həlledici rolu” mövzusunda tədbirdə Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədr müavini Samir Poladov bildirib.
O qeyd edib ki, müxtəlif rayonlarda aparılan yenidənqurma işləri zamanı mina tələləri və gizlədilmiş partlayıcı qurğular aşkarlanır:
“Adətən bu cür qurğular insanların onların mövcudluğunu gözləmədiyi ərazilərdə yerləşdirilir ki, bu da təhlükəni daha da artırır. 2023-cü ildən sonra Azərbaycanın ərazi bütövlüyünün tam bərpa edildiyi ərazilərdə genişmiqyaslı təmizləmə işləri aparılıb. Bu istiqamətdə əldə olunan nəticələrin bir hissəsi təqdim olunan materiallarda da əks etdirilib. Ən çox mina partlayışlarının baş verdiyi ərazilər əsasən keçmiş təmas xətlərinə yaxın zonalar olub”.
Samir Poladov bildirib ki, xüsusilə münaqişədən dərhal sonra, uzun illər ərzində doğma torpaqlarından didərgin salınmış insanların geri qayıtmağa başladığı dövrdə çoxsaylı mina hadisələri qeydə alınıb:
“Nəticədə mülki əhali arasında ağır itkilər baş verib. Bəzi hallarda meşəlik ərazilərdə, dağlıq sahələrdə, hətta ağacların altında gizlədilmiş minalar aşkarlanır. Mina təhlükəsi yalnız açıq ərazilərlə məhdudlaşmır. Bundan başqa, qədim yeraltı suvarma sistemləri, kəhrizlər də xüsusi diqqət tələb edən sahələrdəndir. Keçmişdə olduğu kimi, bu gün də bəzi ərazilərdə həmin sistemlər su mənbəyi kimi istifadə olunur. Yenidənqurma işləri zamanı insanlar bu tunellərə daxil olduqları üçün əvvəlcə həmin ərazilər partlayıcı qurğulardan tam təmizlənir və yalnız bundan sonra təhlükəsiz tikinti işlərinə icazə verilir. 2020-ci ildə müharibə başa çatdıqdan sonra indiyədək mina və partlamamış sursatların partlaması nəticəsində 425 nəfər zərər çəkib. Onlardan 73 nəfər həlak olub, 352 nəfər isə müxtəlif dərəcəli ağır xəsarətlər alıb. Zərərçəkənlər arasında müxtəlif yaş qruplarına aid insanlar var. Təəssüf ki, bəzi hallarda uşaqlar da mina qurbanı olub. Qeyd edilməlidir ki, 2020-ci ildən sonra genişmiqyaslı mina təhlükəsinə dair maarifləndirmə proqramları nəticəsində mülki əhali arasında baş verən hadisələrin sayı müəyyən qədər azalıb. Bununla belə, mina təhlükəsi hələ də qalmaqdadır və yaxın illərdə də bu cür hadisələrin baş verməsi ehtimalı davam edir”.