Prezidentin xüsusi nümayəndəsi Zəngəzur dəhlizindən danışdı

22 May 2026 13:20 (UTC+04:00)

Yenidənqurma prosesinin strateji baxımdan ən mühüm istiqamətlərindən biridir.

AzNews.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev WUF çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Urbisiddən Dirçəlişə: Azərbaycanın azad edilmiş ərazilərində dayanıqlı yenidənqurma, məskunlaşma və inkişaf" adlı tədbirdə deyib.

O bildirib ki, tarixən İpək Yolu üzərində yerləşən bu ərazi Avropa ilə Asiya arasında mühüm körpü rolunu oynayıb:

"Bu gün Qarabağ və Şərqi Zəngəzur şərq-qərb və şimal-cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı vasitəsilə yenidən əsas regional bağlantı mərkəzinə çevrilir.

Zəngəzur dəhlizi yalnız Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa quru əlaqəsini bərpa etməyəcək, həm də şərq-qərb və şimal-cənub beynəlxalq nəqliyyat dəhlizlərini birləşdirən strateji bir xətt rolunu oynayacaq.

Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsindən sonra bu layihənin həyata keçirilməsi istiqamətində genişmiqyaslı işlərə başlanılıb. Bildiyiniz kimi, Horadiz–Ağbənd avtomobil yolu artıq tikilir və demək olar ki, tamamlanmaq üzrədir. Eyni zamanda Horadiz–Ağbənd dəmir yolu xətti də yekunlaşmaq üzrədir.

Zəngəzur dəhlizinin reallaşdırılması regionda dairəvi dəmir yolu şəbəkəsi yaradacaq və Azərbaycanın illik yükdaşıma potensialını təxminən 15 milyon ton artıracaq.

Bununla yanaşı, artıq fəaliyyət göstərən Zəngilan Beynəlxalq Hava Limanı da mövcuddur və hava limanı təyyarələri qəbul edir. Bu, yük daşımalarının hərəkətliliyini, bağlantıları və investorların çıxış imkanlarını əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.

Xüsusilə maraqlı məqam ondan ibarətdir ki, dəhliz tam başa çatmadan belə logistika, istehsal və sənaye şirkətləri tərəfindən regiona ciddi maraq göstərilir. Biz inanırıq ki, investorlar bu marşrutun strateji əhəmiyyətini və yaradacağı iqtisadi imkanları aydın şəkildə anlayırlar".