“ABŞ İranla böyük müharibənin risklərini hesablayır” - Rəşad Bayramov

22 May 2026 17:35 (UTC+04:00)

"Vaşinqtonun İrana qarşı yeni hərbi əməliyyatlara və genişmiqyaslı hücumlara başlamamasının bir neçə səbəbi var. Bunlardan ən vacibi İranla birbaşa genişmiqyaslı müharibənin yarada biləcəyi ciddi risklərdir. Vaşinqton hesab edir ki, yeni müharibə vəziyyətində nəticəni qısa müddətdə əldə etmək mümkün olmayacaq. 40 günlük müharibə göstərdi ki, İran uzun illər ərzində asimmetrik cavab strategiyası üzərində çalışıb və bu strategiyanı tətbiq etməkdə israrlıdır. Tehranın cavabı yalnız klassik hərbi müstəvidə deyil, regiondakı proksi qüvvələr, pilotsuz uçuş aparatları, enerji marşrutları və dəniz təhlükəsizliyi üzərindən də formalaşır. Başqa sözlə, zəifləmələrinə baxmayaraq, Livanda “Hizbullah”, İraqda şiə milisləri, Yəməndə husilər və digər qruplar hələ də mövcudluqlarını qoruyurlar. Bu səbəbdən genişmiqyaslı hərbi əməliyyatlar qısa müddətdə çoxcəbhəli münaqişəyə çevrilə bilər. Bu isə Vaşinqton üçün təkcə İran ərazisində deyil, bütün region üzrə paralel qarşıdurmalar deməkdir. İkinci mühüm amil iqtisadi və enerji təhlükəsizliyi ilə bağlıdır".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov deyib.

Qeyd edək ki, ABŞ-İran arasında gərginlik hələ də tam aradan qalxmayıb. Donald Trampın sərt açıqlamaları və təhdidlərinə baxmayaraq, yeni genişmiqyaslı hücumların baş verməməsi müxtəlif müzakirələr doğurub. Bir çox ekspertlərin fikrincə, Vaşinqton yeni hərbi əməliyyatlara başlamaqda tərəddüd edir və regionda daha geniş qarşıdurmanın yaranacağından narahatdır.

Siyasi şərhçi bildirib ki, ABŞ yeni hərbi əməliyyatların onsuz da yüksək səviyyədə olan enerji qiymətlərinə necə təsir göstərə biləcəyini yaxşı anlayır.

"Hərbi eskalasiya Hörmüz boğazında vəziyyəti daha da gərginləşdirə və enerji bazarlarında yeni qiymət artımı dalğası yarada bilər. Bu isə istehsal xərclərinin yüksəlməsi hesabına ABŞ daxilində də qiymətlərin artmasına səbəb ola bilər ki, xüsusilə seçki ilində bu, Vaşinqtonun maraqlarına uyğun deyil. Nəzərə almaq lazımdır ki, ABŞ iqtisadiyyatı qlobal iqtisadi proseslərdən tam təcrid olunmuş şəkildə fəaliyyət göstərmir. Dünyada baş verən iqtisadi çalxalanmalar avtomatik olaraq ABŞ iqtisadiyyatına da təsir edir və bu, daxili inflyasiya ilə yanaşı siyasi təzyiqi də artırır. Üçüncü mühüm məqam beynəlxalq və daxili siyasi hesablamalardır. ABŞ cəmiyyəti İraq və Əfqanıstan müharibələrindən sonra uzunmüddətli xarici hərbi əməliyyatlara daha skeptik yanaşır. Yeni və uzun sürən qarşıdurma həm siyasi elita, həm də ictimai rəy baxımından ciddi narazılıq doğura bilər. Xüsusilə seçki dövrlərində administrasiyalar riskli hərbi avantüralardan uzaq durmağa çalışırlar. Bununla yanaşı, ABŞ-nin hərbi variantdan tamamilə imtina etdiyini söyləmək də doğru olmaz. Vaşinqtonun siyasəti daha çox çəkindirmə, təzyiq və məhdud zərbələr balansına əsaslanır. Başqa sözlə, hərbi əməliyyatlar baş verə bilər, lakin bunun daha çox qısamüddətli və konkret hədəflərə yönəlmiş əməliyyatlar olması ehtimal edilir. ABŞ müəyyən strateji obyektlərə zərbələr endirməklə İranı yenidən danışıqlara və güzəştlərə məcbur etməyə çalışa bilər. Ümumilikdə isə ABŞ-nin İrana qarşı ehtiyatlı davranması emosional yanaşma və ya zəiflik göstəricisi deyil. Bu, daha çox strateji hesablamalardan irəli gəlir. Vaşinqton anlayır ki, İranla böyükmiqyaslı müharibə sürətli qələbə vəd etmir. Buna görə də hazırkı mərhələdə əsas məqsəd maksimum təzyiq vasitəsilə İrandan istədiyini əldə etməkdir".

Rəfiqə Namazəliyeva,

AzNews.az