“Sosial şəbəkələr insanlarda virtual özünəinam yaradır” - Naib Niftəliyev

22 May 2026 23:06 (UTC+04:00)

"Ümumiyyətlə, bu proses uzun illərdir başlayıb və sosial şəbəkələrin populyarlaşması ilə son 20 ildə daha qabarıq şəkildə özünü göstərən tendensiyalardan biridir. Məsələ təsadüfi və ya qeyri-müəyyən xarakter daşımır. Təbii ki, bunun insan psixologiyasına birbaşa təsiri var. İnsanlar əvvəlcə bəyənmələri görür, sonra buna alışır, daha sonra isə bunu təsdiq və qəbul ehtiyacı kimi dərk etməyə başlayırlar. Müəyyən mənada bu, insanlarda nisbi rahatlıq və özünəinam hissi yaradır. Kimsə onun fikrini bəyənirsə, paylaşımını görürsə və ya dəstəkləyirsə, həmin şəxs bunu özünün haqlı olması, düzgün düşünməsi və doğru addım atması kimi qəbul edir. Lakin özünəinamın sosial şəbəkələrdən asılı vəziyyətə gəlməsi texnologiyanın inkişafının yaratdığı nəticələrdən biridir. İnsanlar məsafədən ünsiyyət qurduqları kimi, məsafədən də bir-birini dəstəkləyə bilirlər və bu, onlara daha rahat, daha sürətli və emosional baxımdan daha az xərc tələb edən bir təsdiq forması kimi görünür".

Bu fikirləri Aznews.az-a açıqlamasında sosioloq Naib Niftəliyev deyib.

Xatırladaq ki, sosial şəbəkələrin gündəlik həyatın ayrılmaz hissəsinə çevrildiyi müasir dövrdə insanlar artıq yalnız ünsiyyət üçün deyil, həm də təsdiq almaq üçün onlayn platformalara üz tutur. “Like”, paylaşım və izləyici sayı bir çox insan üçün sadəcə rəqəm deyil, özünü dəyərli hiss etməyin göstəricisinə çevrilib. Xüsusilə gənclər arasında sosial mediada qəbul olunmaq istəyi psixoloji vəziyyətə, özünəinam hissinə və davranışlara ciddi təsir göstərir. Bəzən virtual təsdiq ehtiyacı insanlarda narahatlıq, müqayisə kompleksi və emosional asılılıq yaradır.

Sosioloq qeyd edib ki, bu proses bir tərəfdən asılılıq yaratsa da, digər tərəfdən insanların özünüifadə imkanlarını genişləndirən vasitə kimi çıxış edir.

"Zaman keçdikcə insanların “like” məsələsinə daha çox diqqət yetirdiyi müşahidə olunur. Hətta bir müddət sosial şəbəkələrdə müəyyən bir ənənə də formalaşmışdı. Məsələn, “mən səni izləyirəm, sən niyə məni izləmirsən?” və ya “dostluq göndərmişəm, niyə qəbul etməmisən?” kimi yanaşmalar geniş yayılmışdı. Hazırda bu hallar əvvəlki qədər qabarıq görünməsə də, müəyyən formada hələ də qalır. Son illərdə isə “like” məsələsi əvvəlki qədər gündəmdə olmasa da, burada tərəfkeşlik, seçicilik və müəyyən sosial stigma elementləri özünü göstərir. Bəzən insanlar obyektiv və düzgün fikri dəstəkləmək istəmirlər, amma tanışlıq, şəxsi münasibət və ya hansısa maraq naminə müəyyən paylaşımları bəyənirlər. Bu isə daha çox şəxsi maraqlardan qaynaqlanır. Məsələn, insanlar müstəqil bir şəxsin fikrini bəyənməyə ehtiyac duymaya bilər. Amma həmin şəxsdən müəyyən fayda gözləyirlərsə və ya diqqətini çəkmək istəyirlərsə, onun paylaşımlarını davamlı şəkildə bəyənirlər. Bu davranış əslində şüurlu şəkildə formalaşan münasibətdir. Bəzən görürsünüz ki, hansısa paylaşımı min nəfər izləyir, amma cəmi bir neçə nəfər bəyənir. Rəqəmsal texnologiyalar bu fərqləri daha açıq şəkildə üzə çıxarır. Digər tərəfdən, vəzifəli, nüfuzlu və ya ictimai təsir imkanları olan şəxslərin paylaşımlarına daha çox bəyənmə gəlməsi artıq normal qəbul edilir. Bu da cəmiyyətdəki sosial təbəqələşmənin və münasibətlər sisteminin sosial şəbəkələrdə əks olunmasıdır. Artıq “like” məsələsi müəyyən mənada qruplaşmanın, sosial mobilliyin və təbəqələşmənin təzahürü kimi görünür. Müxtəlif sosial qrupların davranış modeli burada açıq şəkildə özünü göstərir. Əslində, “like” asılılığı o qədər də sadə məsələ deyil. İnsanlar kimi, nəyi və niyə bəyəndiklərini yaxşı anlayırlar. Çox az hallarda bunu məqsədsiz edirlər. Bəzən az bəyənmə və ya ümumiyyətlə reaksiya olmaması münasibətin göstəricisi kimi qəbul edilir. Burada əsas məqam odur ki, insanlar bəzən müəyyən paylaşımları bəyənməkdən çəkinirlər. Çünki həmin paylaşımı dəstəkləməyin onları riskli, mübahisəli və ya hansısa mövqeyin tərəfdarı kimi göstərə biləcəyini düşünürlər. "Like xəstəliyi” ayrı məsələdir. Bəyənmələri insanın özünü təsdiq vasitəsinə çevirməsi isə başqa bir problemdir. Buna görə də bəyənmələrin azlığına görə incimək və ya bunu norma kimi qəbul etmək doğru deyil. İnsanlar bu məsələlərə daha real və rasional yanaşmalıdırlar. Cəmiyyət nə qədər şəffaf, demokratik və sosial ədalət prinsipləri üzərində qurulursa, bu cür seçicilik, stigma və sosial ayrı-seçkilik də bir o qədər azalır. Lakin Azərbaycan cəmiyyəti hazırda sürətli təbəqələşmə mərhələsindən keçdiyi üçün sosial status göstəriciləri davamlı dəyişir və insanlar daha uğurlu, daha imkanlı, daha populyar görünən şəxslərə yönəlirlər. Xüsusilə sosial şəbəkələrdə diqqət çəkməyi, fenomen obrazı yaratmağı bacaran şəxslər daha çox görünürlük qazanırlar. Bu isə bəzi hallarda manipulyasiya və gəlir əldə etmə vasitəsinə çevrilir. TikTok bu baxımdan daha qabarıq nümunələrdən biridir. Facebook, X və Instagram da bu prosesdən kənarda deyil. Nəticə etibarilə, çoxsaylı bəyənmələr insanın şəxsiyyətini və keyfiyyətini köklü şəkildə dəyişmir. Amma müəyyən sosial təsir və qarşılıqlı əlaqə yaratdığı da danılmazdır. Əsas məsələ sosial şəbəkələrin insanı idarə etməsi deyil, insanın sosial şəbəkələri idarə edə bilməsidir. İnsan bu təsirləri nə qədər düzgün tənzimləyə bilirsə, sosial mediada da bir o qədər sağlam və uğurlu mövqe tuta bilir".

Rəfiqə Namazəliyeva,

AzNews.az