AZAL təyyarəsinin vurulması ilə bağlı Rusiya tərəfindən kompensasiyanın köçürülməsi yaxın zamanda planlaşdırılır

23 May 2026 21:34 (UTC+04:00)

Artıq Azərbaycan və Rusiya hökumətləri arasında aparılan danışıqlar nəticəsində qəzada həyatını itirmiş Azərbaycan vətəndaşlarının vərəsələrinə Rusiya tərəfindən kompensasiya ödənilməsi ilə bağlı razılıq əldə olunub.

Aznews.az xəbər verir ki, bunu “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) İdarə Heyətinin sədri Samir Rzayev APA İnformasiya Agentliyi və Azərbaycan Dövlət Televiziyasına (AZTV) müsahibəsində 2024-cü ilin dekabrında AZAL təyyarəsinin vurulması ilə bağlı suala cavab verərkən deyib.

Samir Rzayev əlavə edib ki, əldə olunan razılaşmaya əsasən, qəza nəticəsində AZAL-a dəymiş zərər də Rusiya hökuməti tərəfindən kompensasiya ediləcək:

"Ümumilikdə ayrılan vəsaitin Rusiya tərəfindən Azərbaycan tərəfinə köçürülməsi yaxın zamanda planlaşdırılır. Daha sonra isə bizim üzərimizə qalan bu vəsaiti vəfat etmiş şəxslərin vərəsələrinə ödənilməsidir".