İran-ABŞ sazişinin yaxın vaxtlarda imzalanması gözlənilmir

25 May 2026 14:03 (UTC+04:00)

İran və ABŞ arasında Pakistanın vasitəçiliyi ilə aparılan mövzuların böyük hissəsi üzrə nəticə əldə olunsa da, yaxın zamanda bir sazişin imzalanacağı anlamına gəldiyini demək olmaz.

Aznews.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün Tehranda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, son bir neçə gündə əldə olunan irəliləyişlər Pakistan tərəfinin vasitəçiliyi ilə aparılan danışıqların nəticəsidir.

Bəqai bildirib ki, bu müddətdə bəzi başqa ölkələr də xoşməramlı şəkildə vasitəçilik səyləri göstəriblər.

“ABŞ tərəfində ziddiyyətli mövqelərin irəli sürülməsi naməlum vəziyyəti öz qüvvəsində saxlayır. Bu baxımdan İran üçün ABŞ-nin öz öhdəliklərinə sadiq qalacağına dair heç bir zəmanət yoxdur”, - deyə o qeyd edib.

Əlavə edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə 2 həftəlik atəşkəs razılaşması əldə olunub. 11 apreldə ABŞ və İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldə olunmayıb.