ABŞ-nin 9 aviadaşıyıcı zərbə qrupu var – Ekspert açıqlaması

25 May 2026 22:57 (UTC+04:00)

"ABŞ dünyanın ən böyük hərbi büdcəsinə malik ölkəsidir. Təbii ki, İranla hərbi qarşıdurma zamanı müəyyən həcmdə silah-sursat ehtiyatlarından istifadə olunub. Lakin İranla müharibədə istifadə edilən sursatın ABŞ-nin ümumi hərbi ehtiyatlarına ciddi təsir göstərdiyinə dair iddialar məntiqli görünmür. Müharibə fonunda və istifadə olunan silah-sursatın bərpası məqsədilə ABŞ gələn il üçün hərbi büdcəsini 910 milyard dollardan 1,5 trilyon dollara qədər artırıb. Digər tərəfdən, ABŞ hərbi əməliyyatları eyni intensivliklə davam etdirmək üçün ehtiyatda 9 aviadaşıyıcı zərbə qruplaşmasına malikdir. ABŞ Hərbi Hava Qüvvələrinin isə yalnız kiçik bir hissəsi bu müharibədə istifadə olunub".

Bu fikirləri Aznews.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Qeyd edək ki, ABŞ ordusunun yüksək dəqiqlikli raket ehtiyatlarının azalması ilə bağlı yayılan məlumatlar beynəlxalq təhlükəsizlik gündəmini yenidən hərbi balans və silah istehsalı məsələlərinə yönəldib. CNN-in kəşfiyyat mənbələrinə istinadən yaydığı məlumatda Pentaqonun bəzi strateji sursat sistemlərində ciddi azalma yaşadığı bildirilir. Xüsusilə İranla gərginlik fonunda raket sistemlərindən intensiv istifadə edilməsi ABŞ-nin uzunmüddətli hərbi hazırlığı ilə bağlı suallar doğurub. Analitiklər hesab edir ki, istehsal sürətinin aşağı olması Vaşinqtonun eyni anda bir neçə böyük təhlükə ssenarisinə hazır olmasını çətinləşdirə bilər.

Ekspert qeyd edib ki, ABŞ-nin quru qoşunları ümumiyyətlə bu döyüş əməliyyatlarına cəlb olunmayıb.

"Bundan əlavə, İranın digər ölkələrdən silah-sursat, texnika və avadanlıq əldə etmək imkanları maksimum dərəcədə məhdud olduğu halda, ABŞ-nin müttəfiq və tərəfdaş ölkələrdən istədiyi həcmdə silah və texniki vasitələr almaq imkanı var. Vaşinqtonun hərbi doktrinası onun silahlı qüvvələrinin və inventarında olan avadanlıqların eyni anda bir neçə okeanda və müxtəlif materiklərdə paralel döyüş əməliyyatları aparmasına uyğun şəkildə formalaşdırılıb. Buna görə də ABŞ ehtiyatlarının tükənməsi və ya ciddi şəkildə azalması ilə bağlı yayılan məlumatlar reallığı əks etdirmir. Hazırda ABŞ-nin hərbi potensialı üçün ciddi risklər görünmür və ölkə eyni vaxtda bir neçə regionda hərbi əməliyyatlar aparmaq imkanını qoruyub saxlayır".

Rəfiqə Namazəliyeva,

AzNews.az