Almaniyanın məşhur şokolad istehsalçısı iflas prosesinə başlayıb
"DreiMeister Spezialitäten" maliyyə çətinlikləri səbəbindən iflas prosesinə başladığını açıqlayıb.
Şimali Reyn-Vestfaliya əyalətinin Uerl şəhərində fəaliyyət göstərən şirkət üçün 21 may 2026-cı il tarixində müvəqqəti özünüidarəetmə prosesi başladılıb.
Təxminən 50 illik tarixə malik şirkətin fəaliyyətini hələlik dayandırmayacağı bildirilib. Şirkətdə təxminən 110 nəfərin çalışdığı qeyd olunub.
Şirkət rəhbərliyinin açıqlamasında istehsalın davam etdiyi və mövcud sifarişlərdə heç bir gecikmənin olmayacağı vurğulanıb. Əməkdaşların maaşlarının da təminat altında olduğu bildirilib.
Şirkətin yenidən strukturlaşdırılması prosesinə rəhbərliyi hazırkı direktor Markus Luckey həyata keçirəcək. Müvəqqəti qəyyum vəzifəsinə isə iqtisadi hüquq üzrə mütəxəssis Michael Schütte təyin olunub.
Markus Luckey maliyyə problemlərinin əsas səbəbləri kimi xammal, enerji və işçi qüvvəsi xərclərinin artmasını göstərib.
O bildirib ki, xüsusilə son dövrdə rekord həddə yüksələn kakao qiymətləri Almaniyanın şirniyyat sektoruna ciddi təsir edib.
DreiMeister Spezialitäten əl istehsalı olan trüf və pralin məhsulları ilə tanınır. Əsası 1950-ci illərdə qoyulan şirkətin məhsulları hazırda 20-dən çox ölkəyə ixrac olunur.
Şirkətin müştəriləri arasında otellər, hava yolu şirkətləri və “Michelin” ulduzlu restoranlar da yer alır.
Son dövrdə Avropada enerji və xammal qiymətlərinin artması səbəbindən bir çox qida şirkəti maliyyə çətinlikləri ilə üzləşib.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, kakao qiymətlərindəki kəskin artım şokolad sənayesində yeni iflas dalğasına səbəb ola bilər.
Mövsüm,
AzNews.az