"Hazırkı məqamda Ukrayna rəsmilərinin mövqeyinə də diqqət yetirmək lazımdır. Onlar bildirirlər ki, Avropa İttifaqına və digər Avropa təsisatlarına sadəcə assosiativ üzv kimi deyil, tamhüquqlu üzv kimi qoşulmaq istəyirlər. Bu istiqamətdə bütün sahələr üzrə hazır olduqlarını da vurğulayırlar. Ukrayna tərəfi hesab edir ki, ölkədə hüquqi şəffaflıq istiqamətində ciddi addımlar atılıb, korrupsiya halları azaldılıb və dövlət sistemi ölkənin bütün ərazilərini idarə etmək qabiliyyətinə malikdir. Bu baxımdan Robert Fikonun dediyi kimi, Ukraynanın hansısa assosiativ üzvlük naminə öz maraqlarından imtina etməsi və ya müharibə reallığını kənara qoyaraq mövcud olmayan sülh modelinə uyğunlaşması inandırıcı görünmür".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.
Qeyd edək ki, Robert Fiko Kiyevin sülhə doğru atdığı addımları Ukraynanın Avropa İttifaqı ilə “assosiativ üzvlük” statusu əldə etməsi üçün əsas şərtlərdən biri kimi qiymətləndirib. Onun sözlərinə görə, hazırkı şəraitdə Ukraynanın Avropa İttifaqına tamhüquqlu üzvlüyü müəyyən risklər yarada bilər. Bununla yanaşı, Ukrayna üçün Avropa İttifaqı ilə assosiativ üzvlük də mühüm əhəmiyyət daşıyır və ölkənin Avropa inteqrasiyası prosesində vacib mərhələ hesab olunur.
Siyasi şərhçi qeyd edib ki, əlbəttə, Ukrayna rəsmiləri ən yüksək səviyyədə sülhdən danışır və tərəflərin sülh istədiyini vurğulayırlar.
"Ancaq bu, o demək deyil ki, Ukrayna Rusiyanın işğal siyasətinə və əvvəlki, eləcə də sonrakı işğal fəaliyyətlərinə səssiz qalacaq və ya öz dövlət maraqlarından geri çəkiləcək. Təbii ki, Ukrayna da öz şərtlərini irəli sürür. Onların mövqeyinə görə, sülhün əldə olunması üçün beynəlxalq hüququn norma və prinsipləri təmin edilməli, Ukraynanın ərazi bütövlüyü bərpa olunmalı və Rusiya işğala görə təzminat ödəməlidir. Bunlar müxtəlif səviyyələrdə Ukrayna rəsmilərinin səsləndirdiyi mövqelərdir. Bu səbəbdən hesab olunur ki, Ukrayna sırf assosiativ üzvlük naminə müharibə gündəliyindən geri çəkilməyəcək və ya savaş reallığını unutmayacaq. Lakin gələcəkdə Avropa İttifaqı və digər Avropa təsisatları Ukraynanın tamhüquqlu üzvlüyünə real qapı açarsa, o zaman müəyyən müddət üçün bəzi ərazilərin işğalda qalması reallığı ilə barışaraq sülhə fokuslanma ehtimalı yarana bilər. Çünki belə olan halda Ukrayna müəyyən ərazi güzəştləri müqabilində öz təhlükəsizliyini Avropa İttifaqı kimi böyük bir siyasi və təhlükəsizlik platformasına bağlamağa çalışa bilər. Bu isə verilən sadə vədlərdən daha güclü təhlükəsizlik təminatı kimi qiymətləndirilə bilər. Amma mövcud vəziyyətdə Avropa İttifaqı ölkələrinin buna razılaşacağı da inandırıcı görünmür. Çünki Avropa İttifaqı mahiyyət etibarilə münaqişəli ölkələrin tamhüquqlu üzvlüyünə çox ehtiyatla yanaşır və belə şəraitdə qəbul şansı xeyli aşağı olur. Bu baxımdan Robert Fikonun açıqlamaları daha çox mövcud reallıq fonunda gələcəyə yönəlmiş siyasi mesaj kimi qiymətləndirilə bilər. O, münaqişənin tezliklə bitməsini arzulayır, çünki müharibənin uzanması Slovakiyanın özü üçün də iqtisadi və təhlükəsizlik baxımından əlavə risklər yaradır. Rusiya rəsmiləri dəfələrlə bəyan ediblər ki, əgər Avropa bu münaqişənin uzanmasına çalışarsa, onun coğrafiyası genişlənə bilər. Belə bir vəziyyət isə region ölkələri üçün əlavə risklər yaradır. Bu səbəbdən Robert Fiko çalışır ki, Ukrayna hələlik tamhüquqlu üzv olmasın, assosiativ üzvlük formatında Avropa İttifaqı ilə münasibətlərini davam etdirsin və münaqişə müəyyən mənada dondurulsun. Çünki burada əsas prioritet tərəflərdən asılı olmayaraq münaqişənin dayanmasıdır. Onun açıqlaması da bu reallıqda alternativ yanaşmanın mümkünlüyünü gündəmə gətirir".
Rəfiqə Namazəliyeva,
AzNews.az