“ABŞ-dakı tornadolara bənzər hallar Azərbaycanda da mümkündür” - Qorxmaz İbrahimli

26 May 2026 22:37 (UTC+04:00)

"Burada təəccüblü heç nə yoxdur. Yevlaxda olub-olmamasından asılı olmayaraq, belə halların istənilən ərazidə müşahidə olunması mümkündür. Əvvəla, hazırda yağıntılı hava şəraiti hökm sürür və bu, qurbağalar üçün daha münbit mühit yaradır. Qurbağalar sulu və rütubətli mühitə üstünlük verirlər. Bəzən göllər və su hövzələri üzərində yaranan burulğanlar (külək nəticəsində formalaşan ani hava axınları) bu canlıları müəyyən qədər yuxarı qaldıra bilər. Daha sonra həmin burulğanlar gücünü itirdikdə, qaldırdığı canlılar və ya obyektlər yerə düşür. Bu proses çox vaxt yaranma nöqtəsindən xeyli uzaqda baş verə bilər. Yəni qurbağalar bir su hövzəsindən qalxaraq külək axınları ilə başqa ərazilərə düşə bilirlər. Burada çaşqınlıq yaradacaq heç bir məqam yoxdur".

Bu fikirləri Aznews.az-a açıqlamasında ekoloq Qorxmaz İbrahimli deyib.

Qeyd edək ki, Yevlaxda güclü yağışdan sonra şəhər küçələrində qeyri-adi mənzərə müşahidə olunub. Eyni vaxtda çox sayda qurbağanın yollara çıxması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Paylaşılan görüntülərdə hətta qurbağaların “göydən yağışla birlikdə yağıb” kimi iddialar da irəli sürülüb. Bu isə sakinlər arasında həm çaşqınlıq, həm də maraq yaradıb. Qısa müddətdə gündəmə çevrilən hadisə ətraf mühit və təbiət prosesləri ilə bağlı sualları da yenidən aktuallaşdırıb.

Ekoloq qeyd edib ki, Belə hallarda ekoloji balansın pozulmasından danışmaq doğru deyil.

"Hər şey təbii proseslərin nəticəsidir. Bahar, yay və hətta payız aylarında belə burulğanlı hava şəraiti müşahidə oluna bilir. Məsələn, ABŞ-da tez-tez tornadolar zamanı buna bənzər hadisələr qeydə alınır. Güclü hava axınları qumu, daşları və bəzən canlıları belə bir yerdən digərinə daşıya bilir. Əgər belə hallarda canlılar sağ qalırsa, onları yenidən su hövzələrinə və ya uyğun yaşayış mühitinə buraxmaq daha doğru olar. Ümumilikdə isə bu, təbiətdə baş verən normal atmosfer hadisələrinin nəticəsidir və qeyri-adi bir vəziyyət kimi qiymətləndirilməməlidir".

Rəfiqə Namazəliyeva,

AzNews.az