ADTGT İctimai Birliyi Beynəlxalq Urban Gənclər Forumu keçirildi

26 May 2026 22:59 (UTC+04:00)

Bakıda keçirilən möhtəşəm Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi tərəfindən Urban Expo Mərkəzində yerləşən QHT Pavilyonunda Beynəlxalq Urban Gənclər Forumu keçirildi.
“Dayanıqlı şəhər gələcəyi naminə gənclərin əməkdaşlığı” adlanan beynəlxalq tədbiri giriş nitqi ilə ADTGT İctimai Birliyinin sədri Asif Əsgərli açdı və natiq Beynəlxalq Urban Gənclər Forumu və onun mövzuları haqqında iştirakçılara qısa məlumat verdi. Sonra ADTGT İctimai Birliyinin icraçı direktoru Gülnarə Bağırova, gənc liderlərdən Sarabəyim Əmiraslanova, Kamil Həşimov, Ləman Bakuvi, Gülnar Rəhimli, Xatirə Rəsulova, Ayan İbrahimova, Mələk Şairova, Gülnar Azayeva, Davud Vahabov, Safiyə Kazımova və Nərmin Allahverdiyeva “təhlükəsiz və yaşıl şəhərlər”, “davamlı şəhər gələcəyi və urban mədəniyyəti”, “urbanizasiya prossesində inklüziv yanaşmalar”, “dayanıqlı şəhərsalma siyasəti, qərar qəbulu və icraçılıqda gənclərin fəal iştirakçılığı” və “gənclərin urban töhfələri” mövzularında geniş əhatəli təqdimatlarla çıxış etdilər.
Foruma qatılan xarici ölkə QHT təmsilçiləri və ekspertlərindən Erdem Güler (Türkiyə), Mariya Laura Rajala (Finlandiya), Marianna Lipniçka (Latviya) və Nikolay Russu (Moldova) çıxış edərək, Azərbaycanın belə yüksək səviyyəli WUF13 tədbirinə ev sahibliyi etməsini, tədbirləri peşəkar səviyyədə hazırlamasını təqdirəlayiq qiymətləndirdilər və ölkəmizin gəncləri ilə bu mövzularda informasiya, təcrübə mübadiləsinin, çoxtərəfli əməkdaşlıq və tərəfdaşlığın vacibliyini vurğuladılar.
Forumda xarici və yerli gənclərin dayanıqlılıq kimi WUF13 mirasının təbliği, tətbiqi, Azərbaycanın və onun gənclərinin yüksək səviyyəli urban fəaliyyəti, urban innovasiyalar üzrə qeyri-formal təhsil imkanları və gənclərin urban töhfələri də müzakirə edildi.
Disskusiya, qarşılıqlı fikir, informasiya və təcrübə mübadiləsi şəraitində keçən Forumun yekununda xarici və yerli gənc fəallar, QHT liderləri, ekspert və urban fəallarının iştirakı ilə “Urban Şəbəkələşmə Platforması”nın qurulması və requlyar fəaliyyətinin təşkil olunması tövsiyyə olundu.

AzNews.az