Tbilisidə hökumət əleyhinə etiraz aksiyası keçirilib

27 May 2026 04:18 (UTC+04:00)

Tbilisidə müxalifət partiyalarının təşkilatçılığı ilə hökumət əleyhinə genişmiqyaslı etiraz aksiyası baş tutub.

Özlərini Avropa İttifaqı tərəfdarı kimi təqdim edən bəzi müxalif qüvvələrin yaratdığı “Müxalifət İttifaqı”nın təşkil etdiyi aksiya axşam saatlarında Tbilisi İvane Cavaxişvili Dövlət Universitetinin qarşısında başlayıb.

Hökuməti ölkənin Avropa İttifaqına inteqrasiyası prosesində səmərəsiz siyasət yürütməkdə ittiham edən minlərlə insan parlament binasına doğru yürüş edib.

Əllərində Gürcüstan, Avropa İttifaqı, ABŞ və Ukrayna bayraqları daşıyan nümayişçilər hökumət əleyhinə şüarlar səsləndiriblər.

Etirazçılar hökumətin Avropa İttifaqına üzvlük danışıqlarının başlanması prosesini 4 il müddətinə dayandırmaq qərarına qarşı 28 noyabr 2024-cü ildən başlayan və aylarla davam edən aksiyalar zamanı saxlanılan, daha sonra isə həbs olunan şəxslərin azad edilməsini tələb ediblər.

Nümayişçilər Tbilisinin mərkəzində yerləşən Petre Melikişvili və Şota Rustaveli prospektlərindən keçərək parlament binasının önünə toplaşıblar.

“Müxalifət İttifaqı”nın liderlərindən biri olan Nika Qvaramia çıxışı zamanı əsas məqsədlərinin ölkədə yeni parlament seçkilərinin keçirilməsi olduğunu bildirib.

“Gürcüstan üzrə yeni kampaniyaya başlayırıq. Gürcüstan daha yaxşısına layiqdir”, — deyə o vurğulayıb.

Etiraz aksiyası gecə saatlarında başa çatıb.

Mövsüm,

AzNews.az