HƏMAS-ın yeni hərbi lideri öldürüldü

27 May 2026 10:20 (UTC+04:00)

İsrail Müdafiə Ordusu bu gecə Qəzza zolağının şimalına endirilən zərbə nəticəsində HƏMAS-ın yeni hərbi rəhbəri Məhəmməd Odehin öldürüldüyünü təsdiqləyib.

Aznews.az İsrail ordusunun mətbuat xidmətinə istinadən xəbər verir ki, əməliyyatın hədəfi Odehin sığınacaq kimi istifadə etdiyi Qəzza şəhərindəki bir neçə bina olub.

Zərbə onun hərəkətlərinin və köməkçilərinin fəaliyyətinin bir neçə ay ərzində kəşfiyyat müşahidəsindən sonra endirilib.

Həmçinin 2023-cü il oktyabrın 7-də İsrailə hücumda iştirak etmiş başqa bir HƏMAS döyüşçüsünün yaxınlıqdakı evi də hədəfə alınıb.

İsrail Müdafiə Ordusunun məlumatına görə, Odeh ötən həftə HƏMAS-ın hərbi qanadına rəhbərliyi öz üzərinə götürüb. Daha əvvəl o, qruplaşmanın kəşfiyyat bölməsinin rəhbəri vəzifəsini tutub.

İsrail ordusu iddia edir ki, Odeh oktyabrın 7-si hücumunun planlaşdırılması və koordinasiyasında əsas rol oynayıb, sonradan isə müharibə gedişində İsrail hərbçilərinə qarşı əməliyyatları və kəşfiyyat fəaliyyətini idarə edib.

İsrail təhlükəsizlik xidməti bəyan edib ki, Odeh oktyabrın 7-si hücumunun təşkilində iştirak etmiş HAMAS-ın sonuncu yüksəkrütbəli komandirlərindən biri olub.