Ermənistanda parlament seçkilərinə sayılı günlər qalıb. Onun nəticələrilə bölgənin gələcəyi və təhlükəsizliyi müəyyən ediləcək.
Təkcə ABŞ iki dəfə öz dəstəyini ifadə etdi - əvvəlcə Vens, sonra da Rubio Ermənistana gəldi.
Paşinyan rəqiblərindən fərqli olaraq ən yaxşı və uğurlu seçki kampaniyasını aparır. Lakin birmənalı qalib olmaq üçün parlamentin 2/3-ni qazanmalıdır. Ya Aİ ya da Rus dünyası.
Rus dünyasından isə kim danışdısa ancaq təhdid dilində, alçaldıcı tərzdə danışdı, hələ də bu üslubda danışırlar, ucuz qiymətə qaz satmayacaqlar, yenilik deyil. Az qalır deyəsən ki, pah atonnan, satmırsan satma, malımı almırsan alma, guya alternativ tapılmayacaq?
Paşinyan da məhz bu məqamda “one moment!” (bir dədiqə) deyir, həm seçicilərə, həm də rus dünyasına:
“Erməni xalqının alternativi olmalıdır: Avrasiya İqtisadi İttifaqı tərkibində, yoxsa Avropa ittifaqı tərkibində olsun. Bunu mən həll etməyəcəm. Buna Ermənistanın vətəndaşları qərar verəcəklər. Mənim vəzifəm odur ki, vətəndaşların alternativi olmasına şərait yaradım. O da var”.
Paşinyanın xalqa seçki kampaniyası boyunca səsləndirdiyi ən ağıllı, ən müdrik, ən vacib fikirdir- seçmək imkanının olması! Əgər birinci pisdirsə, onda alternativi seç. O da pis olsa, üçüncünü seç, dəyişdir, yenilə, inkişaf et.
Rus dünyası alternativi əlbəttə ki, başa düşməz, onun mahiyyəti, cazibəsi, tərəfdaşlığı 30 illik Qarabağ, 4 illik Ukrayna, Gürcüstan nümunəsidir, hədə, söyüş, qorxutmaq, şantaj, əmr, alçaltma dilidir.
Paşinyan isə ermənilərə seçim hüququ və imkanı vermək istəyir- Avropa ölkələrinə vizasız gediş-gəlişi, yeni inteqrasiyaları, yeni texnologiyaları, yeni ticarət bazarları, yeni təhlükəsizlik kəmərləri və s., və i.a. Hansı dəli uğurlu gələcəyi qoyub cəhənnəmdə çabalayan rus dünyası ilə ittifaqda qalar?
Erməni seçicilərinin dərrakəsi iyunun 7-də bilinəcək, hansı alternativə səs verəcəklərilə: seçim imkanları olan cəmiyyətə, dövlətə, yoxsa vətəndaşının sadəcə fikrini bildirdiyinə görə tualetdə döyülüb öldürülməsinə kompensasiya olan ucuz rus qazına.
Arzu Qazıyeva