O debatda Anar Yusifoğlunun yeri görünürdü...

24 Sentyabr 2013 20:37 (UTC+04:00)
Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev müəllif yazısı ilə çıxış edib. AzNews.az həmin yazını təqdim edir.


Prezidentliyə namizədlərin hələ də əks-sədası bitib tükənməyən o məhşur debatı haqqda demək olar hər kəs danışdı, yazdı, fikir bildirdi, mülahizə irəli sürdü: məmə deyəndən- pəpə yeyənə, təkər qaraldandan- nazirinə qədər. Hər kəs! Eyni zamanda hamı ağız-ağıza verib eyni, şablon kəlmələrlə kifayətləndi: "Hafiz səhv eləmişdi, Cəmilsə ondan böyüyünü etdi. Kimsənin ailəsi siyasi pridmet və müzakirə mövzusu ola bilməz və s..."Təbii, deyilənlər tam doğru idi. Həm də birmənalı! Amma əsas məğz də bu idimi? Hər şeyin bünövrəsi iki şəxsin bəsit davası üzərindəmi qurulmuşdu? –Düşünürəm ki, xeyr!

Mən elə ilk debatdaca, 42 ölçülük bədəninə 54 ölçüdə kostyum geyinən və az qala söylədiyi nitqdə vergülü belə əzbərləyən moderatoru gördüyümdə anlamışdım ki, bu adamın ev sahibliyi ilə debat olmaz. Olsa da arzu edilən olmaz. Tamaşaçılara salamı belə ehtiyatla verən birinin təbii ki, bu cür kritik və ekstrimal məqamlarda ani qərar qəbul etməsi, vəziyyəti stabilləşdirməsi mümkün deyildi. Omadı da! Və həmin gün ağıllı insanların gözü debat sükanında bilirsinizmi kimi axtardı?- Anar Yusifoğlunu. Təxminən bir ay öncə işdən"peşəkarcasına" uzaqlaşdırılan peşəkar- Yusifoğlunu! Yeri görünürdü Anarın. Gerçək mənada görünürdü. Bilmirəm, analoji məqamda o necə davranardı, aqressivmi olardı, ortadakı gərginliyi səngitmək üçün lətifəmi danışardı, yoxsa nə? Amma müləq qurtarardı durumu. Bir şəkildə idarə edərdi. Ən azından dəqiqə bir"xəbər setkası"ndan danışmazdı, seçki məcəlləsinin bəndlərini sadalamazdı. Ən pis halda isə onsuzda eyforiyada olan və soyuqqanlığını itirən Cəmil Həsənlinin tələb etdiyi 25 saniyəni verib, bu diletant siyasətçiyə özünü bir az daha"batırması"üçün şərait yaradardı. Həm də kimsə ilə məsləhətləşmədən!

***

Bu məqamda bir də...2010-cu ilin Parlament debatlarını xatırladım. Bir aya yaxın davam edən debatların sadəcə birini Fizuli adlı şəxs idarə etdi. Yəni, hazırda meydanda olan eyni adam. O da Anar Yusifoğlunun xəstələnmə səbəbi ilə. Və elə məhz həmin debatdaca Fuad Qəhrəmanlı ilə Hüseynbala Mirələmov arasında baş verən son dərəcə gərgin anların, kəskin söz atışmasının, təhqirlərin qeyri-ixtiyarı, məcburi şahidinə çevrilmiş olduq. Hərçənd bu provokasiyanın təşəbbüskarı heç mübaliğəsiz AXCP sədrinin müavini idi. Amma yenə də...həmin provokasiyanın təməl daşını atmaq üçün adama yetərincə imkan verilmişdi. Növbəti dəfə moderator səhvi ucbatından!

Təsadüfün bu qədəri olmaz...

***

İTV-nin yeni rəhbərliyi bütün peşəkarları bir- bir ot yığını kimi biçib atanda məsələyə öz kəskin iradımı bildirmişdim. İsmayıl Ömərov başda olmaqla çoxlarının yerinin görünəcəyini söyləmişdim. Odur ki, baxın və görün! Bir səhv ucbatından artıq Hafiz Haciyev iqtidarın proyekti kimi təqdim olunur. Əlacı hər yerdən kəsilən rəzil müxalifətə növbəti bəhanələr verilir."Butulka"lar ölkənin ən gur meydanında uçuşur, seçkidə qələbəsi yüzə-yüz şübhə doğurmayan hakimiyyət komandası siyasətin"s"hərfindən xəbərsiz, diletant Cəmil Həsənli tərəfindən təhqir olunur. Həm də əsassız yerə! Lüzumsuz və gərəksiz yerə!

***

Ağırdır bu prosesləri izləmək. Sadəcə ağırdır. Gerçəkdən ağırdır. Hava dəyişilməsi gərəkən yerdə divar uçuranları kənardan seyr etmək son dərəcə ağırdır. Lazımlı, dəyərli insanları bulvarda gəzişən, lazımsızları isə süfrə başında oturan görmək inanılmaz ağırdır!

Heç ehtiyac olmayan yerdə rəqibə, düşmənə söz haqqı verənlərin, qaş düzəldən yerdə göz çıxaranların səhvlərini, yalnışlarını kompensasiya etmək, bəzənsə heç onu da edə bilməmək ağırdır...