Aİ lideri: Rusiya "qırmızı xətti" keçdi

29 May 2026 10:48 (UTC+04:00)

Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen Rusiyanı Rumıniya ərazisinə dron hücumu həyata keçirməkdə ittiham edib.

Aznews.az xəbər verir ki, o bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

Fon der Leyenin sözlərinə görə, Rusiyanın pilotsuz uçuş aparatı Rumıniyada sıx məskunlaşmış əraziyə düşərək mülki şəxslərin yaralanmasına səbəb olub.

“Rusiyanın təcavüzkar müharibəsi daha bir qırmızı xətti keçib. Bu hadisə Avropa İttifaqı ərazisində baş verib”, – deyə o vurğulayıb.

Avropa Komissiyasının Prezidenti Avropa İttifaqının Rumıniya və onun xalqı ilə tam həmrəy olduğunu bildirib.

O qeyd edib ki, Aİ xüsusilə şərq sərhədlərində təhlükəsizlik və çəkindirmə tədbirlərini gücləndirməklə yanaşı, Rusiyaya təzyiqi də artıracaq.

Fon der Leyen əlavə edib ki, Avropa İttifaqı Rusiyaya qarşı 21-ci sanksiyalar paketini hazırlayır.