Süni İntellekt çağında Azərbaycançılıq

31 May 2026 19:02 (UTC+04:00)

Biz şərti olaraq 5-ci respublika dövründə yaşayırıq. 5-ci respublikanı birmənalı olaraq çox nəhəng tarixi uğur hekayəsi əsasında qurmuşuq. Azərbaycan öz ərazi bütövlüyünü təmin edib, erməni seperatizminə son qoyub, Cənubi Qafqaz bölgəsində yeni geosiyasi reallıq formalaşdırıb. Yeni milli hədəflərimizə çatmaq üçün cəmiyyətin aktual problemlərini müzakirə etməkdən çəkinməli deyilik. Bu dünyada problemsiz heç bir cəmiyyət yoxdur və ola da bilməz. Çünki tərəqqi- mövcud problemlərin çözülməsi, çözülən problemlərin yeni problemlər yaratması prosesidir. Bu prosesi rasional bir məcraya yönəltmək hər bir ziyalının, ictimai dəyər daşıyıcısının borcudur. İstənilən bir problem götürün. Onu intellektual müstəvidə müzakirə etmək mümkündür.

Bu müstəvinin qura bilməməyimizin bir səbəbi də sosial şəbəkə alqoritmləridir. Alqoritmlər düşüncə yox, emosiya yayır. Bir videoda 10 saniyəyə qəzəb, 30 saniyəyə qəhrəman, 1 dəqiqəyə düşmən yaratmaq olur. Amma tərəqqi modeli, tarix fəlsəfəsi, iqtisadi formasiya, hüquq və azadlıqlar, milli kimlik transformasiyası kimi mövzular “viral sistem”in alqoritmlərinə uyğun gəlmir. Dövlət İmtahan Mərkəzinin 30 ildən çox keçirdiyi və ildən ilə çətinləşdirdiyi testlər bir neçə şagird nəslini “doğru cavab” tapmağa alışdırıb. Hazır qəliblərlə düşünən yeni nəsillər müzakirələrdən qaçırlar. Halbuki intellektual müzakirə üçün tənqidi zəka (şübhə, sorğulama, alternativləri nəzərdən keçirmək bacarığı) lazımdır. Elmi dünyagörüş həqiqətə ən yaxın hipotez qurmaq səriştəsidir. Bu gün ictimai rəy qarşısına çıxan onlarla akademik dərəcəsi olan şəxs tanıyıram ki, hipotez qurmağı bacarmır. İntellektual görünməyə çalışırlar, amma intellektual ola- sadələşdirə, məntiqlə yanaşa, öz mövqeyinin zəif tərəfini görə bilmirlər.

İndi sizə bir tarixi fakt təqdim edəcəm. Əslində, bu cür faktları çoxaltmaq da olar, lakin biri bəsdir.

16 noyabr 1918-ci ildir. Azərbaycan Xalq Cümhuriyyətini elan edən Milli Şuranın Bakıda iclası keçirilir. Saat 12:15-də başlayan iclasda Milli Şura üzvləri, Gürcüstan və Dağıstan hökumətlərinin nümayəndələri, rus və erməni icmalarının təmsilçiləri, İran konsulu (protokolda məhz bu cür təqdim olunub) iştirak edir. İclası Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə açır:

Məhəmməd Əmin Rəsulzadənin bu çıxışında diqqət çəkən ən mühüm cəhət odur ki, natiq “azərbaycanlı” terminini sırf millətimizin adı olaraq işlədir:

“Çarizmin süqutu ilə bütün millətlər müqəddərati-milliyələr həlli hüquq milliyələrinin təminini intizar etdilər. Azərbaycanlılar dəxi hüquq və istiqlaliyələri yolunda çalışdılar”.

Cümhuriyyətin “Azərbaycan” adlanması Məhəmməd Əmin Rəsulzadənin təşəbbüsü deyil. Millətləşmə prosesinin “azərbaycanlı” identifikasiyasına çevrilməsi də bir şəxsin adına yazılmayacaq dərəcədə geniş prosesdir. O prosesin iştirakçıları nə bu günkü qədər mütaliə imkanlarına, nə də texnoloji vasitələr sahib idilər. Amma ideyaları müzakirə edirdilər, anlayışlar yaradırdılar, paradiqmalar formalaşdırırdılar. Çünki onların qarşısında “viral görünmək” yox, “dövlət qurmaq” məqsədi vardı.

Beşinci respublikamız “Azərbaycanlı” identifikasiyası üzərində qurulub. Bu, tarixi dialektikanın nəticəsidir. “Azərbaycanlı” identifikasiyası təkcə keçmişin yox, həm də gələcəyin qılavuzudur. Texnoloji inkişafımız, hüquqi və siyasi tərəqqimiz, geosiyasi gücümüz məhz bu identifikasiyaya söykənərək mədəniyyət yarada bilər. Mədəniyyət- ənənələr üzərində formalaşır və nəsildən-nəsilə ötürülür.

Sabah 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi gündür. İllərdir ölkəmizdə “uşaqpulu məsələsi” kimi kəskin mübahisələrə səbəb olan, sosial şəbəkələrdə söyüş və təhqir dalğalarına rəvac verən bir mövzunu intellektual müstəviyə çəkdik, Azərbaycanda uşaqların hüquqlarının qorunması və rifahının gücləndirilməsi başlığı altında konseptual müzakirəyə açdıq. Mövqeyimiz az qala hər kəs tərəfindən təqdirlə qarşılandı. Üstündən heç bir həftə keçmədi, hansısa savadsızın təhriki ilə mövzu qayıtdı öz “məhvər”inə. Bizim cəmiyyət olaraq potensialımız da, məsuliyyətimiz də, mədəniyyətimiz də bu deyil!

1999-cu ildə Aqil Abbasın “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz” adlı povesti çapdan çıxmışdı. Yazıçının mesajı aydın idi və Qarabağ savaşının yaratdığı demoqrafik problemləri qələmə almışdı. Əsər qızğın müzakirələrə səbəb oldu. Sonrakı illərdə çadır şəhərcikləri ləğv edildi, məcburi köçkünlər üçün qəsəbələr salındı. 8 noyabr 2020-ci ildə Üzeyir bəyin yurdu işğaldan qurtuldu. Prezident İlham Əliyevin “Şuşasız bizim işimiz yarımçıq qalar” açıqlaması hərbi çərçivəyə sığmayan tarixi çağırış idi. Çünki Şuşasız Azərbaycan- natamam mühitdir. Üzeyir bəy kimi simaları isə həm mühit yaradır, həm də bu cür şəxsiyyətlər özləri yeni mühit yaradırlar. Mən bütün hallarda individlərin roluna xüsusi önəm verdiyimdən Üzeyir Hacıbəyovun bir daha doğulmayacağına inanıram. Fəqət Üzeyir bəy Azərbaycanlı kimliyini təcəssüm etdirir və ölkəmizdə doğulan hər bir uşaq ən azı Üzeyir Hacıbəyov qədər azərbaycanlı olmalıdır. Bunun üçün qarşımızda dayanan ən vacib məsələ Azərbaycançılıq məfkurəsini qorumaq və inkişaf etdirməkdir.

Azərbaycançılıq məfkurəsini təhdid edən ən birinci amil altdan-altdan çağdaş dövlətimizi “keçid modeli” kimi təqdim olunmasıdır. İrandan və ərəb ölkələrindən ixrac edilən radikal dini cərəyanlar, Rusiyanın genişləndirməyə çalışdığı sovet nostalgiyası, yolumuzu gözləməyən Avropa Birliyinin xristian təəssübkeşliyi və nəhayət Osmanlı çərçivəsinə salınmış türkçülük tarixi yaddaşımızı parçalamağa, quruculuq modelimizi zədələməyə xidmət edir. Həmçinin bu gün Azərbaycançılıq məfkurəsinə ən böyük təhlükə təkcə xaricdən gəlmir. Daha ciddi riskləri məfkurənin intellektual bazasının zəifləməsi və gələcək viziyasının sosial şəbəkə hay-küyləri qarşısında görünməzliyi yaradır. Amma bizim qarşımızda gerçəkdən fundamental suallar var. Məsələn, dövlət başçısının dəfələrlə səsləndirdiyi və post-neft dövründə milli iqtisadiyyatımızla bağlı suallar.

Süni İntellekt bəşəriyyəti fakt qarşısında qoyub. Bu səbəbdən Azərbaycançılıq məfkurəsi yeni mərhələdə yüksək texnologiyalara əsaslanmalıdır. Milli düşüncə sistemimiz datalaşmalıdır. Azərbaycanın qarşısında duran əsas vəzifə isə milli kimliyi müasir elmi nailiyyətlərlə birləşdirərək yeni azərbaycanlı- dünyanı anlayan, texnologiya yaradan, dövlət maraqlarını qoruyan, data suverenliyini təmin edən azərbaycanlı yetişdirməkdir.

Taleh ŞAHSUVARLI