Ümumdünya Səhiyyə Təşkilatı Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxmuş 5 nəfərin sağalmasını mühüm irəliləyiş kimi qiymətləndirib.
Al Jazeera-nın məlumatına görə, ÜST rəhbəri Tedros Adanom Qebreyesus Konqonun şərqində yerləşən Bunia şəhərinə səfəri zamanı bildirib ki, nadir Bundibuqyo Ebola ştammına yoluxmuş 5 xəstənin sağalması epidemiyaya qarşı mübarizədə ümidverici hadisədir.
Məlumata görə, eyni vaxtda Bunia şəhərində yeni Ebola müalicə mərkəzi fəaliyyətə başlayıb. Məqsəd yoluxanların daha sürətli aşkarlanması və müalicəsinin təmin edilməsidir.
Bununla belə, ÜST epidemiyanın hələ də ciddi təhlükə yaratdığını bildirir. Son məlumatlara əsasən, Konqo Demokratik Respublikası və qonşu Uqandada yüzlərlə şübhəli yoluxma halı qeydə alınıb, 220-dən çox insanın öldüyü ehtimal edilir. Virusun yayılması bəzi bölgələrdə münaqişələr, səhiyyə infrastrukturunun zəifliyi və təhlükəsizlik problemləri səbəbindən nəzarət altına alınmaqda çətinlik yaradır.
ÜST rəhbəri vurğulayıb ki, sağalan xəstələr sevindirici göstərici olsa da, xəstəliyin yayılmasının qarşısını almaq üçün beynəlxalq dəstək və operativ tədbirlər davam etdirilməlidir.