“İsrail çoxvektorlu hədəflər güdür” - Elçin Xalidbəyli

1 İyun 2026 16:23 (UTC+04:00)

"İsrailin Livanda həyata keçirdiyi əməliyyatlar çoxvektorlu məqsədlərə xidmət edir. Rəsmi Təl-Əviv bu əməliyyatları “Hizbullah”ı zərərsizləşdirmək və İsrailin təhlükəsizliyini təmin etmək məqsədi ilə əsaslandırmağa çalışır. İsrail tərəfi iddia edir ki, “Hizbullah” ölkənin mövcudluğu üçün ciddi təhdid yaradır və həyata keçirilən hərbi addımlar məhz bu təhlükənin aradan qaldırılmasına yönəlib. Lakin müşahidələr göstərir ki, İsrailin hədəfləri təkcə “Hizbullah”ın sıradan çıxarılması ilə məhdudlaşmır. Bir sıra Qərb ekspertlərinin fikrincə, Təl-Əvivin məqsədləri arasında Livanın müəyyən ərazilərinə nəzarəti ələ keçirmək istəyi də yer alır".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Qeyd edək ki, İsrailin Livanda “Hizbullah”a qarşı həyata keçirdiyi hərbi əməliyyatlar davam edir. Məlumatlara görə, İsrail ordusu strateji əhəmiyyət daşıyan Bofor qalasına nəzarəti ələ keçirib. Bir sıra analitiklər hesab edirlər ki, Təl-Əvivin məqsədi yalnız “Hizbullah”ın hərbi potensialını zəiflətmək deyil, həm də Livan ərazisində təsir imkanlarını genişləndirməkdir. Bu fonda Fransa İsrailin Livandakı əməliyyatlarının genişlənməsindən narahatlığını ifadə edərək BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb edib. Paris Livan ərazilərinə endirilən zərbələri tənqid edib və bildirib ki, hazırkı gərginlik “Hizbullah”ın zəiflədilməsindən daha çox, onun mövqelərinin güclənməsinə xidmət edə bilər. Fransa tərəfi vəziyyətin daha da kəskinləşməsinin regionda təhlükəsizlik risklərini artıracağını vurğulayıb.

Siyasi şərhçi qeyd edib ki, həm “Hizbullah”ın zəiflədilməsi, həm də strateji ərazilər üzərində nəzarətin genişləndirilməsi İsrailin Yaxın Şərqdə siyasi və hərbi mövqelərini möhkəmləndirmək istiqamətində atdığı addımların tərkib hissəsi kimi qiymətləndirilə bilər.

"Eyni zamanda, bəzi analitiklər hesab edirlər ki, regionda gedən geosiyasi dəyişikliklər və Yaxın Şərqin yenidən formalaşdırılması prosesində bu əməliyyatların müəyyən təsiri ola bilər. İsrailin Livandakı hərbi fəaliyyəti beynəlxalq ictimaiyyətdə, xüsusilə də Qərb ölkələrində ciddi narazılıq doğurur. Fransa və İspaniya da daxil olmaqla bir sıra Avropa dövlətləri Təl-Əvivi sərt şəkildə tənqid edirlər. Müşahidələr göstərir ki, bəzi Avropa ölkələri əvvəlki dövrlərlə müqayisədə İsrailə verdikləri siyasi dəstəyi tədricən azaltmağa başlayıblar və hazırda İsrail Qərbdən gələn ciddi tənqidlərlə üzləşir. Bununla yanaşı, İsrailə qarşı etirazlar yalnız Avropa ilə məhdudlaşmır. Dünyanın müxtəlif regionlarında da etiraz aksiyaları və tənqidi mövqelər müşahidə olunur. Bu isə onu göstərir ki, Livanda davam edən hərbi əməliyyatlar İsrailə qarşı beynəlxalq narazılığı və təzyiqləri daha da artırır".

Rəfiqə Namazəliyeva,

AzNews.az