“Canlı heyvanın bahalaşması ətin qiymətinə təsir edir” - Akif Nəsirli

1 İyun 2026 21:20 (UTC+04:00)

"Qurban bayramı ərəfəsində ət qiymətlərinin artmasının bir neçə əsas səbəbi var. Birincisi, bayram dövrü tələbat strukturunu kökündən dəyişir. Qurban kəsmək üçün diri heyvan alan ailələr bazardan ət almasa da, digər bir qisim mərasim yeməkləri, qonaq süfrələri və hədiyyəlik ət üçün bazara axışır. Beləliklə, ümumi tələbat aşağı düşmür, sadəcə forması dəyişir. İkincisi, canlı heyvan qiymətlərinin bayram ərəfəsində kəskin bahalaşması kəsim xərclərini artırır. Fermerlər və tacirlər heyvanı daha baha qiymətə alır, bu artım isə qaçınılmaz olaraq ətin qiymətinə də yansıyır. Üçüncüsü, arzuolunmaz psixoloji amil – gözlənti effekti – qiymətləri yuxarı çəkir. Satıcılar bayramı yüksək gəlir əldə etmək fürsəti kimi görür, tədarükçülər isə qiymətlərin artacağını bildikləri üçün əvvəlcədən daha böyük həcmdə alış edirlər".

Bu fikirləri Aznews.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.

Qeyd edək ki, Qurban bayramı ərəfəsində ət bazarında qiymətlərin hərəkəti ən çox müzakirə olunan məsələlərdən birinə çevrilir. Bayram günlərində minlərlə ailəyə qurban əti paylanmasına baxmayaraq, bazarda qiymətlərin aşağı düşməsi deyil, əksinə artması müşahidə edilir. Bu isə istehlakçılar arasında qiymət artımının səbəbləri ilə bağlı müxtəlif suallar doğurur.

A. Nəsirli qeyd edib ki, bu davranışın özü də qiymət artımını stimullaşdıran amillərdən biridir.

"Dördüncüsü, təchizat zəncirində yaranan gərginlik rol oynayır. Kəsimxanalar, nəqliyyat və saxlama infrastrukturu qısa müddətdə həcmin kəskin artmasını qarşılaya bilmir. Artan logistika xərcləri isə son qiymətə əlavə olunur. Nəhayət, mövsümi inhisar mövqeyi yaranır. Bayram günlərinin məhdud olması şəraitində satıcılar üzərində rəqabət təzyiqi azalır. Alıcı almaq məcburiyyətindədir, satıcı isə bunu bilir. Bütün bu amillər bir araya gəldikdə, alıcılığın müəyyən qədər azalması qiymətləri aşağı salmaq üçün kifayət etmir. Əksinə, digər amillər qiymətləri yuxarı istiqamətdə hərəkət etdirməyə davam edir".

Rəfiqə Namazəliyeva,

AzNews.az