"ABŞ-nin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyat siyasi baxımdan gözlənilən nəticəni verməyib. Bu, Amerika ictimaiyyətində Prezident Donald Trampın reytinqinə mənfi təsir göstərib. Eyni zamanda, ABŞ-nin müttəfiqləri arasında da bu məsələyə münasibətdə ciddi fikir ayrılıqları yaranıb. Hörmüz boğazı ətrafında yaranan gərginlik isə qlobal iqtisadiyyatda narahatlıqları artırıb. Tramp administrasiyası qarşıdan gələn Konqres seçkilərini nəzərə alaraq İrana münasibətdə daha ehtiyatlı davranmağa çalışır. Respublikaçılar Konqresdə mövqelərini zəiflədərsə, bu, Tramp üçün əlavə siyasi problemlər yarada bilər. Buna görə də Ağ Ev müxtəlif təzyiq mexanizmlərindən istifadə etməklə İranla müəyyən razılaşmaya nail olmağa və bunu həm ABŞ ictimaiyyətinə, həm də beynəlxalq arenaya diplomatik uğur kimi təqdim etməyə çalışır. Son vaxtlar hərbi aktivliyin artması, hərbi təyyarələrin hərəkəti, lokal qarşıdurmalar və sərt bəyanatlar birbaşa müharibə hazırlığından daha çox İrana təzyiq vasitəsi kimi qiymətləndirilə bilər".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.
Qeyd edək ki, Vaşinqton və Tehran arasında münasibətlər gərgin olaraq qalsa da, son aylarda baş verən hadisələr geniş hərbi qarşıdurmaya səbəb olmayıb. Regionda müşahidə olunan hərbi aktivlik, xüsusilə Hörmüz boğazı ətrafındakı proseslər və qarşılıqlı məhdud hücumlar tərəflərin hələ də qarşıdurma vəziyyətində olduğunu göstərir. Ancaq hər iki ölkə eskalasiyanı dərinləşdirməkdən yayınaraq cavab addımlarını müəyyən çərçivədə saxlayır.
Siyasi şərhçinin sözlərinə görə, Vaşinqtonun hədəfi Tehranı danışıqlar prosesində müəyyən güzəştlərə sövq etməkdir.
"İran da bu təzyiqlərin mahiyyətini anlayır və mövcud problemlərin beynəlxalq hüquq çərçivəsində həllində maraqlıdır. Bununla yanaşı, Vaşinqton daha çox siyasi reallıqları əsas götürərək Tehran üzərində təzyiqləri davam etdirir. ABŞ və İsrail tərəfindən İranın hərbi imkanlarına zərbələr endirilməsi və bu əməliyyatların yenidən başlaya biləcəyi ilə bağlı açıqlamalar da əsasən təzyiq strategiyasının tərkib hissəsidir. Lakin hər hansı razılaşmanın əldə olunması belə, tərəflər arasında bütün ziddiyyətləri aradan qaldırmayacaq. İsrail İranın zəiflədilməsində və Tehrana qarşı təzyiqlərin davam etdirilməsində maraqlıdır. Bu səbəbdən regionda gərginliyin artmasına səbəb ola biləcək addımları dəstəkləyə bilər. ABŞ üçün isə yeni genişmiqyaslı hərbi əməliyyatların başlanması daxili siyasi baxımdan əlavə risklər yaradır. İran əməliyyatı ABŞ-da siyasi müzakirə mövzusu olaraq qalır və demokratlar bu məsələni Respublikaçılara qarşı siyasi arqument kimi istifadə etməyə çalışırlar. Bu baxımdan Tramp administrasiyası bir tərəfdən İrana təzyiq göstərir, digər tərəfdən isə yeni müharibənin yaratdığı siyasi və iqtisadi risklərdən yayınmağa çalışır. Yaxın Şərqdə yeni hərbi qarşıdurmanın başlaması qlobal iqtisadiyyat üçün ciddi nəticələr doğura bilər. Buna görə də hazırkı mərhələdə Vaşinqtonun əsas məqsədi sərt bəyanatlar və siyasi təzyiq vasitəsilə Tehranı müəyyən razılaşmalara sövq etməkdir".
Rəfiqə Namazəliyeva,
AzNews.az