Hindistanda Lionel Messinin nəhəng heykəli sökülüb

2 İyun 2026 13:58 (UTC+04:00)

Hindistanın Kolkata şəhərində argentinalı futbol ulduzu Lionel Messinin 21 metr hündürlüyündə olan heykəli yerli sakinlərin şikayətlərindən sonra sökülüb.

Bu barədə “Asia News International” (ANI) agentliyi məlumat yayıb.

Məlumata görə, Leyk Taun ərazisindəki VIP yolunun yaxınlığında quraşdırılan heykəlin güclü külək zamanı yellənməsi sakinlər arasında narahatlıq yaradıb. Yerli əhali heykəlin təhlükə törədə biləcəyini bildirərək aidiyyəti qurumlara müraciət edib.

Şikayətlərdən sonra səlahiyyətli orqanlar heykəlin demontaj edilməsi barədə qərar qəbul ediblər.

Fiberglas materialdan hazırlanan və qızılı rəngə boyanan heykəldə Lionel Messi 2022-ci ildə Argentina milli komandası ilə qazandığı dünya çempionatının kubokunu başı üzərinə qaldırmış vəziyyətdə təsvir olunub.

Heykəl futbolçunun 2025-ci ilin dekabrında Kolkata şəhərinə səfəri zamanı quraşdırılmışdı. Lakin təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən abidənin ömrü uzun çəkməyib.

Mövsüm,

AzNews.az