Nazirliyin iyunun 2-də yaydığı bəyanatda bildirilir ki, ABŞ dəfələrlə İran gəmilərinə və Fars körfəzindəki obyektlərə hücumlar etməklə atəşkəsi pozub. Eyni zamanda, Vaşinqton İsrailin Livana qarşı hücumlarının qarşısını almaq öhdəliyini də yerinə yetirməyib. Qeyd olunub ki, Livan məsələsi atəşkəs razılaşmasının əsas bəndlərindən biri olub.
Bəyanatda vurğulanıb ki, ABŞ atəşkəsdən sonra İsrailə təzyiq göstərərək Livana hücumları dayandırmağa çalışdığını bəyan etsə də, həm İrana qarşı hücumlara, həm də Livandakı pozuntulara görə birbaşa məsuliyyət daşıyır.
İran XİN bildirib ki, atəşkəsin istənilən istiqamətdə pozulması bütövlükdə atəşkəsin pozulması deməkdir. Nazirlik İsrailin Livanın suverenliyi və ərazi bütövlüyünü pozduğunu, son iki ay ərzində həyata keçirilən hücumlar nəticəsində minlərlə insanın həlak olduğunu, təxminən iki milyon nəfərin evlərini tərk etməyə məcbur qaldığını qeyd edib. Həmçinin yaşayış evləri və mülki infrastrukturun ciddi zərər gördüyü vurğulanıb.
Tehran bəyan edib ki, atəşkəsin pozulması və yeni hücumlar regional sülh və təhlükəsizlik üçün ciddi təhdid yaradır. İran öz maraqlarını qorumaq üçün zəruri hesab etdiyi hər yerdə bütün imkanlarından istifadə edəcəyini və qanuni özünümüdafiə hüququ çərçivəsində hərəkət edəcəyini bəyan edib.
Bəyanat İran Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı olan “Xatəm əl-Ənbiya” Qərargahının İsrailə sərt xəbərdarlığından sonra yayılıb. Qərargah İsrailin Beyruta və şəhərin cənubundakı Dahiyə bölgəsinə zərbə endirmək təhdidinə cavab olaraq işğal olunmuş Fələstin ərazilərində yaşayan israilliləri mümkün İran hücumları ilə əlaqədar həmin əraziləri tərk etməyə çağırıb.
İranın xəbərdarlığından sonra ABŞ Prezidenti Donald Tramp vəziyyətə müdaxilə edib. Tramp sosial şəbəkədə paylaşdığı açıqlamada İsrailin Baş naziri Benyamin Netanyahu ilə danışdığını və planlaşdırılan Beyrut hücumlarının dayandırılmasına nail olduğunu bildirib.
Mövsüm,
AzNews.az