Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və müasir tədris klinikasının rəsmi açılış mərasimi keçiriləcək.
Açılış mərasimi 12 iyun 2026-cı il tarixində saat 11:00-da baş tutacaq. Tədbir Azərbaycanda baytarlıq təhsilinin inkişafı, müasir tədris imkanlarının genişləndirilməsi və gələcək baytar mütəxəssislərinin hazırlanması baxımından mühüm hadisə kimi qiymətləndirilir.
Universitetdən verilən məlumata görə, yeni yaradılmış tədris infrastrukturu tələbələrin nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlar əldə etməsinə, elmi-tədqiqat fəaliyyətlərinin gücləndirilməsinə və beynəlxalq standartlara uyğun klinik təcrübə qazanmasına şərait yaradacaq.
Bildirilib ki, tədris klinikası tələbələrin peşəkar hazırlığının artırılması və heyvan sağlamlığı sahəsində keyfiyyətli xidmətlərin göstərilməsi istiqamətində mühüm rol oynayacaq.
Mərasimdə dövlət qurumlarının nümayəndələri, ali təhsil müəssisələrinin rəhbərləri, baytarlıq sahəsinin mütəxəssisləri, beynəlxalq tərəfdaşlar, media nümayəndələri və digər qonaqların iştirakı nəzərdə tutulur.
Tədbir çərçivəsində rəsmi çıxışlar, fakültənin inkişaf perspektivləri ilə bağlı təqdimatlar, həmçinin yeni tədris binası və klinikanın infrastrukturu ilə tanışlıq turu təşkil ediləcək.
Qeyd edək ki, HASVET Baytarlıq Təbabəti Fakültəsi müasir təhsil, elmi araşdırma və klinik təcrübəni bir araya gətirən innovativ akademik mühit formalaşdırmaqla Azərbaycanda və regionda baytarlıq təhsilinin inkişafına töhfə verməyi hədəfləyir.