İranın xarici işlər naziri Abbas Əraqçi Misirin Tehrandakı Maraqlar Bölməsinin rəhbəri Müctəba Firdovsipurla görüş keçirərək iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
İran Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, görüş çərşənbə axşamı Tehranda baş tutub.
Müctəba Firdovsipur görüş zamanı İran və Misir arasında münasibətlərin son vəziyyəti, eləcə də iki ölkə arasındakı siyasi əlaqələr və əməkdaşlıq barədə xarici işlər nazirinə məlumat verib.
Abbas Əraqçi Tehran və Qahirə arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi və regionda sülhün möhkəmləndirilməsi məqsədilə məsləhətləşmələrin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Nazir həmçinin bildirib ki, İran və Misir İslam dünyasında mühüm mövqeyə malik ölkələrdir. O, mövcud imkanlardan istifadə olunaraq siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini qeyd edib.
Abbas Əraqçi həmin gün İranın Əlcəzairə və Rumıniyaya yeni təyin olunmuş səfirləri ilə də ayrı-ayrılıqda görüşlər keçirib.
Səfirlər diplomatik missiyalarına başlamaq üçün yola düşməzdən əvvəl İranın sözügedən ölkələrlə münasibətlərinin inkişafı istiqamətində hazırladıqları planlar barədə xarici işlər nazirinə məlumat veriblər.
Əraqçi isə öz növbəsində İranın Əlcəzair və Rumıniya ilə əlaqələrinin daha da inkişaf etdirilməsi üçün mövcud potensialdan maksimum istifadə edilməsinin vacibliyini vurğulayıb.