Azərbaycan onilliklər boyu da həqiqətən dünya səviyyəli enerji mərkəzi ola bilər.
"Report" xəbər verir ki, bunu BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli 31-ci Bakı Enerji Forumunda bildirib.
O bildirib ki, Xəzər dənizi hövzəsi dünyanın ən böyük karbohidrogen regionlarından biridir: "Burada dünya səviyyəli infrastrukturumuz var: dənizdəki qurğular, buruq platformaları, Səngəçal terminalı və Qərbdəki bazarlara ixrac marşrutlarımızı həqiqətən diversifikasiya edə bilən boru kəməri sistemi. Bu infrastruktur 99 % etibarlılıqla müstəsna şəkildə işləyir, bu sənayedə ən yüksək göstəricidir. Ölkə rəhbərliyinin sayəsində burada həqiqətən biznes üçün əlverişli mühit var. Bu möhtəşəm forumda olmaq ölkənin biznes və investisiyaları yenidən cəlb etməsinin bir nümunəsidir".
Onun sözlərinə görə, Azərbaycanda heyrətamiz insan kapitalı mövcuddur: "Biz getdikcə Bakını yeni Hyustona və ya yeni Aberdinə çeviririk. Qazma, yeraltı, kommersiya və ya üst hissə mühəndisliyi sahəsindəki mütəxəssislərimiz təkcə buradakı biznesə deyil, həm də şirkət daxilində həm hasilat, həm də emal sahəsində bir çox bizneslərə dəstək verir".
BP-nin regional prezidenti Cio Kristofolinin Bakı Enerji Forumunda səsləndirdiyi fikirlər Azərbaycanın enerji strategiyasına verilən beynəlxalq qiymətin göstəricisi hesab oluna bilər. “Bakını yeni Hyustona və ya yeni Aberdinə çeviririk” ifadəsi sadəcə simvolik bənzətmə deyil, Azərbaycanın artıq qlobal enerji sənayesində yalnız resurs ixrac edən ölkə deyil, həm də bilik, texnologiya və insan kapitalı mərkəzinə çevrilməsi barədə mesajdır.
Əslində, son 30 ildə Azərbaycanın yaratdığı enerji infrastrukturu region üçün nadir model hesab olunur. Xəzərin dərin sularındakı platformalar, Səngəçal terminalı və Qərbə uzanan strateji boru kəmərləri təkcə iqtisadi layihə deyil, həm də geosiyasi təhlükəsizlik sistemidir. BTC, TANAP və TAP kimi marşrutlar Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunu əhəmiyyətli dərəcədə artırıb.
BP rəsmisinin xüsusi vurğuladığı 99 faizlik etibarlılıq göstəricisi isə Azərbaycanın enerji infrastrukturunun dayanıqlığını nümayiş etdirir. Bu göstərici qlobal enerji sənayesində ən yüksək səviyyələrdən biri hesab olunur və investor etimadı baxımından mühüm amildir. Çünki enerji bazarında əsas məsələ yalnız resursun mövcudluğu deyil, onun fasiləsiz və təhlükəsiz şəkildə bazara çatdırılmasıdır.
Cio Kristofolinin çıxışında diqqət çəkən digər mühüm məqam insan kapitalı ilə bağlıdır. Uzun illər ərzində Azərbaycanın enerji sektorunda formalaşmış mühəndis, geoloq və texniki mütəxəssis bazası artıq beynəlxalq səviyyədə rəqabət aparan peşəkar şəbəkəyə çevrilib. Bu gün Azərbaycanda yetişən mütəxəssislər təkcə yerli layihələrdə deyil, BP-nin dünyanın müxtəlif bölgələrindəki əməliyyatlarında da iştirak edirlər.
Bakıya “yeni Hyuston” və ya “yeni Aberdin” kimi yanaşılması həm də şəhərin regional enerji qərargahına çevrilməsi anlamına gəlir. ABŞ-də Hyuston, Böyük Britaniyada Aberdin necə enerji sənayesinin intellektual və texnoloji mərkəzi hesab olunursa, Bakı da Cənubi Qafqaz və Xəzər hövzəsi üçün eyni funksiyanı yerinə yetirməyə başlayır.
Bütün bunlar göstərir ki, Azərbaycan artıq yalnız neft hasil edən ölkə deyil. Ölkə enerji diplomatiyası, tranzit infrastrukturu, texnoloji təcrübə və insan kapitalı ilə uzunmüddətli qlobal enerji oyunçusuna çevrilmək mərhələsinə daxil olub.
Nuray, Aznews.az