Pentaqon MƏHKƏMƏYƏ VERİLDİ

2 İyun 2026 16:41 (UTC+04:00)

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) media nümayəndələrinin fəaliyyətinə qoyulan məhdudiyyətləri genişləndirməkdə davam edir.

Pentaqonun mətbuat ofisi "məxfi zona" elan edilib və jurnalistlərin həmin əraziyə girişinə qadağa qoyulub.

Pentaqonun mətbuat katibinin səlahiyyətlərini icra edən Xose Valdes bildirib ki, jurnalistlərin məxfi hökumət məlumatlarına çıxış əldə etməsi səbəbindən mətbuat ofisi yenidən təsnifləşdirilərək "Həssas Bölmələşdirilmiş Məlumat Obyekti" statusu alıb.

Valdes qeyd edib ki, jurnalistlər mütəmadi olaraq məxfi materiallarla təmasda olurlar və buna görə də artıq onların ofis sahəsinə daxil olmasına icazə verilməyəcək.

Onun sözlərinə görə, Pentaqonun İctimaiyyətlə Əlaqələr İdarəsinə və mətbuat katibinin ofisinə giriş yalnız əvvəlcədən təyin olunmuş görüş əsasında mümkün olacaq.

Qəzetlər Pentaqonu məhkəməyə verib

Bu ilin yanvar ayında Pentaqonda fəaliyyət göstərən jurnalistlərdən yeni qaydaları qəbul etdiklərini təsdiqləyən sənədlər imzalamaları tələb olunmuşdu.

Həmin qaydalara əsasən, media nümayəndələri Pentaqon əməkdaşlarından məxfi və ya bəzi hallarda məxfi olmayan məlumatların açıqlanmasını tələb etdikləri təqdirdə onların akkreditasiyası ləğv edilə bilərdi.

Jurnalistlər bu qaydaların mətbuat azadlığını pozduğunu və ABŞ ordusu barədə müstəqil məlumat toplamaq imkanlarını məhdudlaşdırdığını bildirərək etiraz əlaməti olaraq akkreditasiya kartlarını təhvil verib Pentaqonu tərk etmişdilər.

"The New York Times" qəzeti sözügedən siyasətlə bağlı Pentaqona qarşı məhkəmə iddiası qaldırıb. Mart ayında federal hakim qəzetin xeyrinə qərar çıxarıb.

Bundan sonra Pentaqon jurnalistlərin rəsmi müşayiətçi olmadan nazirliyin binasında hərəkət etməsini qadağan edən yeni qayda tətbiq edib.

"The New York Times" may ayında bu qərarla əlaqədar Pentaqona qarşı ikinci dəfə məhkəmə iddiası qaldıraraq bunu ABŞ Konstitusiyasına zidd və hərbi sahədə müstəqil jurnalistikanın qarşısını almağa yönəlmiş addım kimi qiymətləndirib.

Mövsüm,

AzNews.az