“Bahar” yenidən dirçəlir: Azərbaycanın köhnə yataqları yeni enerji mərhələsində - ŞƏRH

2 İyun 2026 17:32 (UTC+04:00)

Bahar Enerji Əməliyyat Şirkəti (BEOC) Xəzərin Azərbaycan sektorunda yerləşən “Bahar” və “Qum-dəniz” yataqlarının yenidən işlənməsi üzrə layihənin icrasına başlayıb.

Aznews.az xəbər verir ki, həyata keçirilən əməliyyat tədbirləri nəticəsində “Bahar” yatağında qaz hasilatı 50% artıb. Layihə çərçivəsində beynəlxalq enerji xidmətləri şirkəti SLB texniki və geoloji qiymətləndirmə işlərinə cəlb olunub.

Bildirilir ki, ilkin texniki və geoloji qiymətləndirmə mərhələləri tamamlanıb, hazırda layihə növbəti inkişaf mərhələsinə keçid üzrə davam etdirilir. Bu çərçivədə yataqların potensialı və gələcək infrastruktur ehtiyacları qiymətləndirilir.

“Bahar” və “Qum-dəniz” yataqlarının yenidən işlənməsi üzrə layihənin aktiv mərhələyə keçməsi Azərbaycanın enerji strategiyasında mühüm istiqamətlərdən birini nümayiş etdirir. Uzun illər əsas diqqətin iri layihələrə – “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” kimi nəhəng yataqlara yönəldiyi bir dövrdən sonra indi daha yaşlı və potensialı tam istifadə olunmamış yataqların modern texnologiyalar vasitəsilə yenidən iqtisadi dövriyyəyə qaytarılması prioritetə çevrilir.

“Bahar” yatağında qaz hasilatının 50 faiz artması göstərir ki, köhnə yataqların texnoloji yenilənmə yolu ilə ikinci enerji həyatına qovuşdurulması mümkündür. Bu, həm hasilatın sabit saxlanılması, həm də Azərbaycanın daxili və ixrac qaz balansının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Layihəyə beynəlxalq enerji xidmətləri nəhəngi olan SLB-nin cəlb edilməsi də diqqət çəkir. Bu, yataqların potensialının ən müasir geoloji və texniki metodlarla qiymətləndirildiyini göstərir. Əslində, dünyada enerji sənayesində əsas tendensiyalardan biri artıq yalnız yeni yataqların axtarışı deyil, mövcud yataqlardan maksimum səmərəliliklə istifadə edilməsidir. Azərbaycan da bu qlobal yanaşmaya uyğun hərəkət edir.

“Bahar” və “Qum-dəniz” layihəsi həm də iqtisadi baxımdan rasional yanaşmadır. Çünki mövcud infrastrukturun saxlanılması və modernləşdirilməsi tamamilə yeni dəniz layihələrinin qurulması ilə müqayisədə daha az xərc tələb edir. Bu isə enerji bazarında qiymət dəyişkənliyinin yüksək olduğu dövrdə investisiya risklərini azaldır.

Digər tərəfdən, layihə Azərbaycanın qaz strategiyası baxımından da xüsusi əhəmiyyət daşıyır. Avropanın alternativ qaz mənbələrinə ehtiyacının artdığı bir mərhələdə ölkənin hasilat imkanlarını genişləndirməsi strateji üstünlük yaradır. Xüsusilə daxili tələbatın artdığı və ixrac öhdəliklərinin genişləndiyi şəraitdə əlavə qaz həcmləri mühüm rol oynaya bilər.

Bütün bunlar göstərir ki, Azərbaycanın enerji siyasəti artıq yalnız yeni yataqların kəşfinə deyil, mövcud resursların daha effektiv idarə olunmasına və texnoloji modernizasiyaya əsaslanan yeni mərhələyə daxil olur.

Nuray, Aznews.az