İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq.
Aznews.az xəbər verir ki, bu, Milli Məclisinin Əmək və sosial siyasət və İnsan hüquqları komitələrinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Mənzil Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşdırma Fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinin növləri sırasında olacaq. İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşdırma Fondunun yaşayış sahələri məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərdə daimi yaşayış sahələrinə köçürülməsi və həmin yaşayış sahələrinin onların mülkiyyətinə verilməsi üçün nəzərdə tutulur.
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşdırma Fondunun yaşayış sahələrinə məcburi köçkünlərin köçürülməsi və həmin yaşayış sahələrinin onların mülkiyyətinə verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Qeyd edilib ki, Mənzil Məcəlləsinə ediləcək dəyişiklik nəticəsində yeni institut - “İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu” yaranacaq və bu fonda daxil olan yaşayış sahələri məcburi köçkünlərin köçürülməsi və bu sahələrin onların mülkiyyətinə verilməsi məqsədilə istifadə olunacaq.