Donald Tramp: Mən Müctəba Xamenei ilə görüşəcəyəm

3 İyun 2026 14:46 (UTC+04:00)

ABŞ və İran arasında əldə olunan atəşkəsin gələcəyi ilə bağlı qeyri-müəyyənlik davam etsə də, tərəflər arasında danışıqların dayandırıldığına dair iddialar təkzib edilir.

ABŞ Prezidenti Donald Tramp ötən gün verdiyi açıqlamada İranla təmasların kəsilməsi barədə yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib. Onun sözlərinə görə, danışıqlar fasiləsiz şəkildə davam edir və artıq razılaşmanın əldə olunmasının vaxtı çatıb.

Tramp bu gün qatıldığı podkast proqramında İranla aparılan müzakirələr barədə yeni və diqqətçəkən açıqlamalar verib.

“Xamenei ilə görüşəcəyik”

ABŞ prezidenti bildirib ki, İran nüvə silahına sahib olmamağa razılıq verib.

“İranın nüvə silahına malik olmayacağı ilə bağlı razılıq əldə olunub. Danışıqlarda İranın lideri Müctəba Xamenei də iştirak edib. O, müzakirələrə razılıq verib. Xamenei ilə müəyyən mərhələdə, böyük ehtimalla, görüşəcəyik”, – deyə Tramp bildirib.

“Nüvə məsələsi bizim qırmızı xəttimizdir”

Tramp bir daha vurğulayıb ki, İranın nüvə silahı əldə etməsi ABŞ üçün qəbuledilməzdir.

Onun sözlərinə görə, Vaşinqton üçün əsas məsələ İranın nüvə silahına sahib olmamasıdır və bu mövqe dəyişməz olaraq qalır.

“Enerji qiymətləri də aşağı düşəcək”

ABŞ prezidenti ölkəsində inflyasiyanın yüksək olmadığını iddia edərək, İranla bağlı böhranın həllinin enerji bazarlarına da müsbət təsir göstərəcəyini bildirib.

“İran müharibəsi başa çatdıqdan sonra enerji qiymətləri də aşağı düşəcək. Bu, çox uzaq olmayan gələcəkdə baş verəcək”, – deyə Tramp qeyd edib.

Netanyahuya sərt irad

Tramp həmçinin Yaxın Şərqdə vəziyyətin sürətlə dəyişdiyini və prosesin nəticəsinin çox yaxşı olacağına inandığını bildirib.

ABŞ prezidenti İsrailin Baş naziri Benyamin Netanyahu ilə münasibətlərə də toxunaraq, İsrailin Livanla qarşıdurmasından narahat olduğunu deyib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı Netanyahu ilə qəzəbli və sərt tonda danışıb.

Hörmüz boğazı ilə bağlı razılaşma yaxınlaşır

Donald Tramp daha əvvəl İranla aparılan danışıqlarda bəzi problemlərin yarandığını, lakin onların aradan qaldırıldığını bildirmişdi.

ABŞ prezidenti həmçinin Hörmüz boğazının yenidən açılması ilə bağlı memorandumun gələn həftə ərzində yekunlaşa biləcəyini söyləmişdi.

Trampın sözlərinə görə, bu razılaşma əldə olunarsa, regionda gərginliyin azalmasına və beynəlxalq enerji tədarükünün sabitləşməsinə mühüm töhfə verəcək.