Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə daha 30 ukraynalı uşaq sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin olunmaq məqsədilə Azərbaycana gətirilib.
Aznews.az xəbər verir ki, bununla da Azərbaycanda reabilitasiya keçən ukraynalı uşaqların sayı 600-ü ötüb.
Bildirilib ki, 10 gün davam edəcək proqram çərçivəsində uşaqlar əvvəlcə Bakıda yerləşən düşərgədə qrup terapiyalarında, meditasiya və yoqa məşğələlərində, eləcə də müxtəlif psixo-sosial təlimlər və ustad dərslərində iştirak edəcəklər.
Proqramın növbəti mərhələsində onlar Qəbələ Uşaq Reabilitasiya Mərkəzində tibbi və sosial-psixoloji reabilitasiya xidmətləri ilə əhatə olunacaqlar. Uşaqlara müalicəvi masaj, müalicəvi hovuz və vanna prosedurları, art-terapiya və digər reabilitasiya xidmətləri göstəriləcək.
Həmçinin proqram iştirakçıları Azərbaycanın mədəni irsi, incəsənəti, tarixi məkanları və milli mətbəxi ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.