"Bu il əvvəlki illərlə, xüsusilə də son dövrlə müqayisədə qış mövsümü daha mülayim keçdi. Demək olar ki, qar yağmadı, havanın temperaturu mənfi dərəcələrə qədər enmədi. Azərbaycanın coğrafi mövqeyi və iqlim xüsusiyyətləri nəzərə alındıqda bu, tam xarakterik hal hesab olunmur. Adətən ölkədə qış nə həddindən artıq sərt, nə də həddindən artıq mülayim keçir, müəyyən qədər soyuq hava şəraiti müşahidə olunur. Lakin bu il vəziyyət fərqli oldu. Qışdan sonra yaz aylarında da qeyri-sabit hava şəraiti müşahidə edildi. Güclü və intensiv yağışlar yağdı, temperatur tez-tez dəyişdi, bəzi hallarda isə qısa müddət ərzində kəskin şəkildə aşağı düşdü. Yaz mövsümü yüksək rütubət və yağıntılarla yadda qaldı".
Bu fikirləri Aznews.az-a açıqlamasında ekoloq Sadiq Həsənov deyib.
Qeyd edək ki, əvvəlki illərlə müqayisədə bu il Bakıda qış mövsümü daha sakit və mülayim hava şəraiti ilə xarakterizə olundu. Mövsüm ərzində nə uzunmüddətli şaxtalar, nə də güclü qar yağışları müşahidə olundu. Yaz aylarında isə hava şəraiti tez-tez dəyişərək qeyri-sabit xarakter aldı. Bir tərəfdən temperaturun normadan yüksək olduğu günlər yaşanırdısa, digər tərəfdən sərin hava kütlələri və yağıntılar özünü göstərirdi. Mütəxəssislər hesab edirlər ki, bu cür hava anomaliyaları qlobal iqlim dəyişikliklərinin regional təsirlərinin nəticəsi ola bilər.
Ekoloq bildirib ki, adətən tropik regionlarda rast gəlinən bu tip yağışların ölkəmizdə də qeydə alınması iqlim dəyişikliklərinin təsirlərinin artıq hiss edilməyə başladığını göstərir.
"Son illərdə aparılan elmi araşdırmalar, BMT və digər beynəlxalq təşkilatların hesabatları qlobal istiləşmənin davam etdiyini göstərir. Eyni zamanda, Sakit okeanda müşahidə olunan El-Nino prosesinin təsirləri də dünyanın müxtəlif regionlarında hava şəraitinə təsir göstərir. Okeanlarda temperaturun artması və atmosfer proseslərində baş verən dəyişikliklər ümumi istiləşmə tendensiyasını gücləndirir. Bu amillər Azərbaycanda da yay aylarının daha isti keçə biləcəyini deməyə əsas verir. Ölkəmizin iqlim şəraitində 40 dərəcədən yuxarı temperatur artıq ekstremal isti hesab olunur. Temperaturun 41-42 dərəcəyə çatması buxarlanmanın artmasına, torpağın daha sürətlə qurumasına və insanların gündəlik həyatında müəyyən çətinliklərin yaranmasına səbəb ola bilər. Məncə, yaz aylarında müşahidə olunan hava dəyişikliklərindən sonra yayda isti günlərin sayı daha çox olacaq. El-Nino prosesinin təsirləri də istilərin davametmə müddətinin uzanmasına səbəb ola bilər. Bununla belə, iqlim prosesləri sürətlə dəyişdiyi üçün yay mövsümü ilə bağlı qəti proqnoz vermək mümkün deyil. Əsas risklərdən biri quraqlıqdır. Uzunmüddətli isti hava kənd təsərrüfatında su çatışmazlığı yarada və məhsuldarlığın azalmasına səbəb ola bilər. Bununla yanaşı, hazırda ölkənin su ehtiyatları qənaətbəxş səviyyədədir. Kür və Araz çaylarında suyun həcmi yüksəkdir, digər çaylarda da vəziyyət ümumilikdə normal qiymətləndirilir. Bu səbəbdən cari ildə su qıtlığı ilə bağlı ciddi problemin yaranacağı gözlənilmir. Lakin qlobal iqlim dəyişiklikləri təkcə intensiv yağıntılarla deyil, həm də uzunmüddətli quraqlıqlar, ekstremal istilər və digər təbii hadisələrlə müşahidə olunur. Son illərdə dünyada baş verən münaqişələr, enerji və yanacaq istehlakının artması da atmosferə atılan istixana qazlarının həcmini yüksəldərək bu prosesləri daha da sürətləndirir. Buna görə də iqlim dəyişikliklərinin təsirlərinin gələcəkdə daha qabarıq şəkildə hiss olunacağı istisna edilmir".
Rəfiqə Namazəliyeva,
AzNews.az