Əraqçi: İrana qarşı hər hansı addım cavabsız qalmayacaq

3 İyun 2026 23:44 (UTC+04:00)

İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinə qarşı istənilən düşmənçilik addımının dərhal və qəti şəkildə cavablandırılacağını bəyan edib.

Aznews.az xəbər verir ki, Əraqçi bu barədə "X" sosial şəbəkəsində paylaşımında bildirib.

Nazirin sözlərinə görə, İran Silahlı Qüvvələrinin həyata keçirdiyi əməliyyatlar özünümüdafiə xarakteri daşıyır və ABŞ-ın mülki gəmiçiliyə qarşı hücumlar, eləcə də atəşkəs rejiminin pozulması üçün istifadə etdiyi məkanlara yönəlib.

“İrana qarşı istənilən düşmənçilik addımı dərhal və qəti cavabla qarşılanacaq. Sanksiyalar və hərbi əməliyyatlarla əldə olunmayan nəticələrə yeni müharibə yolu ilə nail olmaq da mümkün olmayacaq”, – deyə İran XİN rəhbəri vurğulayıb.

Qeyd edək ki, ABŞ dövlət katibi Marko Rubio Konqresdə keçirilən dinləmələr zamanı Yaxın Şərqdəki tərəfdaş ölkələrin Vaşinqtonla əməkdaşlığına toxunaraq, Birləşmiş Ərəb Əmirlikləri və Küveytin ABŞ-la fəal əməkdaşlıq etdiyini bildirib.