Əgər İrəvan Avropa İttifaqı ilə yaxınlaşmağa davam edərsə, Rusiya Ermənistana Avrasiya İqtisadi ittifaqı (Aİİ) və ya ikitərəfli müqavilələr çərçivəsində dəstək verməyəcək.
Aznews.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.
O deyib ki, Rusiya Ermənistanda parlament seçkilərində kimin qalib gələcəyini görüb sonra tədbir görməli, qərar verməlidir: “Çünki Avropayönümlü qüvvələr qalib gələrsə, bu, Ermənistanın Avropa İttifaqına doğru irəliləməsi deməkdir və o zaman həqiqətən müvafiq tədbirlər görmək lazım gələcək”.
Overçukun sözlərinə görə, Moskva gələcəyini Rusiya ilə müharibəyə hazırlaşan Avropa İttifaqında görən bir ölkəyə maliyyə dəstəyi verə bilməz.
“Niyə belə bir ölkəyə dəstək verməliyik? Sabah bizimlə döyüşə bilənlərə pul verəcəyikmi?", - o vurğulayıb.
Rusiya Baş nazirinin müavini xatırladıb ki, Rusiya hələ də Aİİ çərçivəsində Ermənistana qarşı öhdəliklərini qoruyur, lakin bunlar yenidən nəzərdən keçirilə bilər.
Overçuk əlavə edib ki, liderlərin Astanada keçirilən Ali Avrasiya İqtisadi Şurasındakı bəyanatında Ermənistanın ittifaqdakı üzvlüyünün dayandırılması ehtimalının araşdırılması qeyd olunub: “Biz Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxmasını istəmirik”.