İngiltərənin Müdafiə Nazirliyi ölkənin cənubunda yerləşən Devon bölgəsində hərbi helikopterin qəzaya uğradığını açıqlayıb.
Nazirliyin yaydığı məlumata görə, Devon qraflığının Sourton qəsəbəsi yaxınlığında təlim uçuşu həyata keçirən “Merlin Mk4” tipli hərbi helikopter dünən qəzaya düşüb.
Qəza nəticəsində Böyük Britaniya Kral Donanmasının üç hərbçisinin həlak olduğu təsdiqlənib.
Kral Donanmasının sözçüsü bildirib ki, həyatını itirən hərbçilərin ailələri məlumatlandırılıb. O, hadisə ilə bağlı daha ətraflı məlumat verilməzdən əvvəl ailələrin şəxsi həyatına hörmət göstərilməsini xahiş edib.
Hadisə ilə əlaqədar açıqlama verən Böyük Britaniyanın Baş naziri Kir Starmer qəzanın son dərəcə faciəvi olduğunu bildirib.
“Faciə nəticəsində həyatını itirən üç Kral Donanması əməkdaşının ailələrinin, dostlarının və yaxınlarının dərdinə şərik oluram. Bu, ailələr üçün son dərəcə ağır bir dövrdür və yaxın zamanda daha ətraflı məlumat təqdim ediləcək”, – deyə Starmer vurğulayıb.
Müdafiə naziri Con Hili də üç hərbçinin ölümü ilə bağlı dərin kədər hissi keçirdiyini bildirib.
Hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.
Mövsüm,
AzNews.az