Macarıstan Ukraynanın Aİ-yə üzvlük danışıqlarına yaşıl işıq yandırır

4 İyun 2026 17:04 (UTC+04:00)

Macarıstan Baş naziri Peter Madyar bildirib ki, Budapeşt Ukraynanın Avropa İttifaqına üzvlük prosesində ilk danışıqlar klasterinin açılmasına razılıq verməyə hazırdır.

Onun sözlərinə görə, bu qərar Macarıstan və Ukrayna arasında Zakarpatyada yaşayan etnik macarların hüquqları ilə bağlı əldə olunan razılaşmadan sonra mümkün olub.

Madyar qeyd edib ki, tərəflər Ukraynadakı macar milli azlığının dil, təhsil, mədəniyyət və siyasi hüquqlarının genişləndirilməsini nəzərdə tutan hərtərəfli saziş hazırlayıblar.

Baş nazir vurğulayıb ki, Kiyevin üzərinə götürdüyü öhdəliklər Ukraynanın Avropa İttifaqına təqdim edəcəyi fəaliyyət planında da öz əksini tapacaq.

“Əgər bu baş verərsə, Macarıstan hökuməti Ukraynanın Aİ-yə üzvlük prosesi çərçivəsində ilk danışıqlar klasterinin açılmasına razılıq verəcək”, – deyə Peter Madyar sosial şəbəkədə paylaşdığı açıqlamada bildirib.

Qeyd edək ki, Macarıstan son illərdə Zakarpatyada yaşayan macar icmasının hüquqları ilə bağlı narahatlıqlarını əsas gətirərək Ukraynanın Avropa İttifaqına inteqrasiya prosesində bir sıra addımlara etiraz edib. Yeni razılaşmanın isə Kiyev və Budapeşt arasında münasibətlərin normallaşmasına töhfə verəcəyi gözlənilir.

Mövsüm,

AzNews.az