Bitcoin”in ucuzlaşmasının əsas səbəbi qlobal qeyri-müəyyənlikdir" - Akif Nəsirli

4 İyun 2026 21:13 (UTC+04:00)

""Bitcoin”in son aylarda ucuzlaşmasının əsas səbəbləri sırasında qlobal maliyyə bazarlarındakı qeyri-müəyyənlik, investorların riskli aktivlərdən uzaqlaşması, faiz dərəcələri ilə bağlı gözləntilər və kriptovalyuta bazarında mənfi investor əhval-ruhiyyəsi yer alır. Bundan əlavə, iri investorların satışları və tənzimləmə ilə bağlı xəbərlər də qiymətlərə təzyiq göstərə bilir. Kriptovalyutaların dəyəri ənənəvi maliyyə alətləri ilə müqayisədə daha kəskin dəyişdiyindən, bu bazar yüksək riskli investisiya sahəsi hesab olunur".

Bu fikirləri Aznews.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.

Xatırladaq ki, dünyanın ən məşhur və ən böyük bazar dəyərinə malik kriptovalyutası olan “Bitcoin”də son ayların ən ciddi geriləməsi qeydə alınıb. Son məlumatlara görə, aktivin qiyməti enərək 64 min dollar ətrafında formalaşıb ki, bu da son dörd ayın ən aşağı göstəricilərindən biri hesab olunur. Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə “Bitcoin” təxminən 106 min dollar səviyyəsində ticarət olunurdu. Beləliklə, kriptovalyutanın dəyəri son bir il ərzində təxminən 40 faiz azalıb.

A. Nəsirli bildirib ki, “Bitcoin” uzunmüddətli perspektivdə yüksək gəlir vəd etsə də, qısamüddətli dövrdə kəskin qiymət dəyişiklikləri ilə müşayiət oluna bilir.

"Buna görə də ekspertlər kriptovalyutalara investisiya edərkən risklərin düzgün qiymətləndirilməsini və investisiya portfelinin yalnız müəyyən hissəsinin bu aktivlərə ayrılmasını tövsiyə edirlər. Bununla belə, “Bitcoin”in qiymətində müşahidə olunan enişlər kriptovalyuta bazarının tamamilə etibarsız olduğu anlamına gəlmir. Bu bazar yüksək gəlir potensialı ilə yanaşı, yüksək risk də daşıyır və investorlar qərar qəbul edərkən hər iki amili nəzərə almalıdırlar".

Rəfiqə Namazəliyeva,

AzNews.az