Minlərlə məzunu maraqlandıran sual: Diplomlar nə zaman veriləcək?

4 İyun 2026 21:46 (UTC+04:00)

Son dövrlərdə Azərbaycanda təhsil sənədlərinin verilməsi ilə bağlı yeni qaydaların tətbiqi diqqət mərkəzindədir. Yeni yanaşmaya əsasən, diplom, attestat və digər təhsil sənədlərinin elektron formada təqdim olunması nəzərdə tutulur. Bu dəyişiklik həm sənəd əldəetmə prosesinin daha sürətli və əlçatan olmasına, həm də ümumi idarəetmədə şəffaflığın və operativliyin artırılmasına xidmət edir. Eyni zamanda, yeni sistemin tətbiqi ilə bürokratik prosedurların sadələşdirilməsi və sənəd dövriyyəsində mövcud olan gecikmələrin aradan qaldırılması hədəflənir.

Aznews.az mövzu ilə bağlı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə müraciət edib. Qurumdan bildirilib ki, hazırda ali və orta ixtisas təhsili müəssisələrində imtahan sessiyası davam etdiyindən diplomların təqdim olunması mərhələsinə başlanılmayıb. Mövcud qaydalara əsasən diplomlar təhsilalanların təhsil müəssisəsini bitirdikdən sonra 10 iş günü müddətində hazırlanır. Məzunlar müvafiq diplomlarla təmin olunurlar və hazırda hər hansı gecikmə müşahidə edilmir. Qeyd olunub ki, tələbələr diplom və təhsil məlumatlarını təhsil müəssisələri və ya myGov portalı üzərindən izləyə bilirlər.

Mövzu ilə bağlı təhsil eksperti Məzahir Məmmədli bildirib ki, əvvəlki illərdə diplomların verilməsində yaranan gecikmələr məzunların əmək bazarına çıxışında müəyyən çətinliklər yaradırdı. Onun sözlərinə görə, yeni elektron sistem bu problemlərin aradan qaldırılmasına və prosesin daha çevik şəkildə həyata keçirilməsinə şərait yaradır.

Təhsil eksperti Ramin Nurəliyev isə qeyd edib ki, elektron diplom sisteminin tətbiqi beynəlxalq təcrübəyə uyğundur. Onun sözlərinə görə, sənədlərdə yer alan QR kod vasitəsilə diplomların həqiqiliyinin yoxlanılması asanlaşacaq və bu da saxta sənədlərin dövriyyəsinin qarşısını almağa kömək edəcək. Ümumilikdə, bu dəyişiklik təhsil sistemində rəqəmsallaşmanın genişlənməsi, şəffaflığın artırılması və vətəndaşlar üçün xidmətlərin daha əlçatan hala gətirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir.

Rəfiqə Namazəliyeva,

AzNews.az