Bolqarıstandan gələn yeni xəbər Avropanın mədən sənayesində böyük maraq doğurub. Kanada mənşəli mədən şirkəti "DPM Metals" ölkədə yerləşən "Brevene South Porphyry" (BSP) sahəsində zəngin qızıl və mis ehtiyatlarının aşkar edildiyini açıqlayıb.
Yeni kəşf edilən yataq paytaxt Sofiyadan təxminən 75 kilometr şərqdə yerləşir.
Yatağın ən diqqətçəkən xüsusiyyətlərindən biri onun Avropanın ən yüksək keyfiyyətli aktiv qızıl-mis mədənlərindən biri hesab edilən Çelopeç mədəninə cəmi 1 kilometr məsafədə yerləşməsidir. Çelopeç mədəni də "DPM Metals" şirkətinin əsas aktivlərindən sayılır.
BSP sahəsində davam edən qazma işlərinin ilkin nəticələri yatağın yüksək potensialını ortaya qoyub. Məlumata görə, qazılan quyuda 713 metr uzunluğunda hissədə hər ton filizdə orta hesabla 1,31 qram qızıl və 1,16 faiz mis aşkar edilib.
Həmin sahənin daha zəngin hesab edilən 398 metrlik hissəsində isə göstəricilər hər ton filizdə 1,48 qram qızıl və 1,45 faiz mis səviyyəsinə çatıb.
Mədən sənayesi üzrə ekspertlər hesab edirlər ki, əldə olunan nəticələr BSP sahəsini yüksək potensiala malik porfir tipli qızıl-mis yataqlarından birinə çevirə bilər.
Mütəxəssislərin fikrincə, yatağın artıq fəaliyyət göstərən Çelopeç mədəninin infrastrukturuna çox yaxın yerləşməsi gələcək hasilat və emal xərclərini əhəmiyyətli dərəcədə azaldacaq. Bu isə layihənin iqtisadi baxımdan daha səmərəli və rentabelli olmasına şərait yarada bilər.
Ekspertlər hesab edirlər ki, kəşf olunan yeni ehtiyatlar Bolqarıstanın Avropanın aparıcı qızıl və mis istehsalçılarından birinə çevrilməsi istiqamətində mühüm rol oynaya bilər.
Mövsüm,
AzNews.az