Qaluzinin açıqlaması nə deməkdir? - AÇIQLAMA

5 İyun 2026 15:18 (UTC+04:00)

"Qaluzinin Azərbaycanla münasibətlərin hərtərəfli inkişafına hədəfləndiklərini vurğulaması Rusiyanın Cənubi Qafqazdakı maraqları ilə birbaşa bağlıdır. Məlumdur ki, son illərdə regionda geosiyasi reallıqlar əhəmiyyətli dərəcədə dəyişib. 2020-ci il İkinci Qarabağ müharibəsi və 2023-cü ildə keçirilən antiterror tədbirlərindən sonra Azərbaycan öz hərbi və diplomatik mövqeyini daha da gücləndirib, regional nəqliyyat, enerji və iqtisadi layihələrdə fəal iştirakını artırıb. Bu isə Moskvanın regionla bağlı strateji maraqlarının yeni şərtlər daxilində formalaşmasına səbəb olur. Qaluzinin açıqlamasında yer alan “əlaqələrimizin inkişafında əldə edilmiş tempi azaltmaq niyyətində deyilik” ifadəsi göstərir ki, Rusiya üçün Bakı ilə əməkdaşlığın genişləndirilməsi prioritet istiqamətlərdən biri olaraq qalır".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov deyib.

Qeyd edək ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu zamanı Moskvanın Azərbaycanla münasibətlərin genişləndirilməsi və möhkəmləndirilməsi kursuna sadiq qaldığını bəyan edib. Onun sözlərinə görə, bu yanaşma hər iki ölkənin və xalqlarının uzunmüddətli maraqlarına uyğundur. Qaluzin vurğulayıb ki, Rusiya Azərbaycanla siyasi, iqtisadi və digər sahələri əhatə edən əməkdaşlığın ardıcıl inkişafında maraqlıdır və bu istiqamətdə əldə olunmuş dinamikanın zəiflədilməsi gündəmdə deyil. "Azərbaycanla əlaqələrin hərtərəfli inkişafı Rusiyanın dəyişməz mövqeyidir. Biz mövcud əməkdaşlıq tempinin qorunub saxlanılmasına və daha da genişləndirilməsinə çalışırıq”, – deyə o bildirib.

Siyasi şərhçi qeyd edib ki, burada söhbət yalnız iqtisadi əməkdaşlıqdan getmir, eyni zamanda siyasi münasibətlərin və təhlükəsizlik sahəsində qarşılıqlı dialoqun davamlı şəkildə inkişaf etdirilməsi nəzərdə tutulur.

"İkinci mühüm məqam isə açıqlamanın Ermənistan-Rusiya münasibətlərində müşahidə olunan gərginlik fonunda səsləndirilməsidir. Son dövrlərdə İrəvanla Moskva arasında strateji tərəfdaşlıq münasibətlərində müəyyən problemlər yaranıb. Xüsusilə seçkilər ərəfəsində Ermənistanın daxili siyasi prosesləri və təhlükəsizlik sahəsindəki əməkdaşlıq məsələləri tərəflər arasında narazılıqların artmasına səbəb olub. Bu baxımdan Rusiyanın Azərbaycanla münasibətləri inkişaf etdirməyə xüsusi önəm verməsi müəyyən mənada alternativ tərəfdaşlıq xətti kimi də qiymətləndirilə bilər. Başqa sözlə, Bakı ilə əməkdaşlığın gücləndirilməsi Moskvanın Cənubi Qafqazdakı strateji mövqeyini qorumaqla yanaşı, Ermənistanla münasibətlərdə yaranan çətinlikləri balanslaşdırmaq məqsədinə də xidmət edə bilər. Rusiya üçün Azərbaycanla münasibətlərin inkişafı iqtisadi və nəqliyyat layihələri baxımından da xüsusi əhəmiyyət daşıyır. Azərbaycan regionun əsas tranzit və enerji mərkəzlərindən biri kimi Moskva üçün vacib tərəfdaş hesab olunur. Bu amil Rusiyanın həm siyasi, həm də iqtisadi maraqlarının təmin olunmasına töhfə verir. Ümumilikdə, Mixail Qaluzinin açıqlaması, eləcə də Vladimir Putinin yaxın vaxtlarda Prezident İlham Əliyevlə görüşmək niyyətini ifadə etməsi göstərir ki, rəsmi Moskva Azərbaycanla hərtərəfli əməkdaşlığın gücləndirilməsində maraqlıdır. Rusiya bununla bir tərəfdən iqtisadi, siyasi və təhlükəsizlik sahələrindəki maraqlarını təmin etməyə, digər tərəfdən isə Ermənistan-Rusiya münasibətlərindəki gərginlik fonunda regiondakı balans siyasətini qoruyub saxlamağa çalışır".

Rəfiqə Namazəliyeva,

AzNews.az