Siqaret qaçaqmalçılığı ilə bağlı məhkəmə başlayıb

5 İyun 2026 18:36 (UTC+04:00)

Siqaret qaçaqmalçılığı ilə bağlı təqsirləndirilənlərdən biri Fariz Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Aznews.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən baxış iclasında Fariz Məhərrəmova ifadə vermək təklif olunub.

O, özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bilib və ifadə verməkdən imtina edib, ibtidai istintaqda verdiyi ifadəni təsdiqləyib.

Prosesə sədrlik edən hakim onun istintaq dövründə 3 dəfə bənzər ifadə verdiyini elan edib.

Fariz Məhərrəmov dövlət ittihamçısının suallarına cavab vermək istəməyib, ona məxsus anbar olmadığını açıqlayıb.

Dövlət ittihamçısının onun ittiham olunan digər vəzifəli şəxslərlə əlbir olub-olmadığı barədə sualına da təqsirləndirilən şəxs cavab verməyib. O, şahidləri tanımadığını deyib.

Şahidlərin dəvət olunması ilə bağlı proses iyunun 19-na təxirə salınıb.

Qeyd edək ki, Fariz Məhərrəmov aksiz markasız tütün məmulatlarının qaçaqmalçılığı ilə məşğul olan mütəşəkkil dəstənin üzvlərindən biri kimi təqdim olunub. Onunla bağlı cinayət işi ayrıca icraata verilib.

Fariz Məhərrəmov barəsində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanılıb. Ona Cinayət Məcəlləsinin 206.4 (qaçaqmalçılıq-xüsusilə külli miqdarda) və 213-1.2.1-ci (mütəşəkkil dəstə halında külli miqdarda aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan qanunsuz dövriyyəsi) və 213-1.2.3-cü (aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan qanunsuz dövriyyəsi, qabaqcan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə yekun ittiham elan edilib və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.