Dünən qarşıma Feysbukda bir status çıxdı. Virtual məkanda rastıma çıxan gəvəzəliklərə, adətən, soyuqqanlı yanaşıram. Lakin bu rəzil paylaşıma hiddətlənməyə bilmədim.Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunova dil uzadılmışdı. Şəhidimizin fotosu Süni İntellekt vasitəsi ilə kollaj edilmişdi. Onun Azərbaycan uğrunda keçdiyi şərəfli döyüş yoluna kölgə salınırdı. Ərinməyib profili bir qədər incələdim. Qum trolu idi. Trolun bütün səhifəsi Azərbaycan dövlətinə, prezidentinə, Qarabağdakı tarixi zəfərimizə qarşı böhtanlardan ibarət idi. Səhifə yəhudilərə qarşı nifrətlə aşıb-daşırdı. Sosial şəbəkə istifadəçiləri sağ olsunlar, ağzının payını yetərincə vermişdilər. Amma bu fakt və bu cür faktlar göstərir ki, ölkəmizdə milli münasibətlərin yüksək səviyyədə olması, etnik azlıq nümayəndələrinin Azərbaycan uğrunda döyüşməsi və canından keçməsi Qum mollalarını bərk narahat edir. Özü də təkcə onları yox…
Albert Aqarunov 25 aprel 1969-cu ildə Bakıda- Əmircan qəsəbəsində anadan olub. Əslən Qubanın Qırmızı Qəsəbəsindən olan neftçi ailəsində 11 övladdan biri idi. Sovet dövründə Albert Gürcüstanda hərbi xidmət keçib. Orada tank komandiri olub. 1991-ci ilin oktyabrında könüllü olaraq Azərbaycan Milli Ordusuna yazılıb. “Albert əsl tankçı idi”. Bu sözləri onun komandiri olmuş Ağababa Qasımov söyləyir. Veteranın bildirdiyinə görə, 533 nömrəli tankda Albert tuşlayıcı imiş. Komandir deyir ki, düşmənlər Alberti vurmağa daim fürsət gəziblər.
Albertin vurduğu düşmən tanklarından birinin komandiri Qaqik Avşaryan haqqında yetərincə məlumat var. Avşaryanın komandir olduğu T-72 Birinci Qarabağ müharibəsi zamanı məhv edilib. Şuşa yaxınlığında! Tankın iki ekipaj üzvü- Aşot Avanesyan və Şahen Sərkisyan yerindəcə ölüb. Qaqik özü isə döyüş meydanından qaçıb. Fərari ötən il o dünyaya vasil olub. 442 saylı o erməni tankı Şuşanın girişində qoyulmuşdu. Şuşa azad edildikdən sonra həmin tank Bakıya gətirilib. Hazırda Hərbi Qənimətlər Parkındadır.
Albert 8 may 1992-ci ildə Şuşa-Laçın yolunda gedən ağır döyüşlərdə həlak olub. Ölümündən sonra ona Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Bir dağ yəhudisini Azərbaycanın milli qəhrəmanına çevirən nədir? Əlbəttə, şəxsi şücaət, vətəndaşlıq qeyrəti və Azərbaycançılıq məfkurəsi. İstər birinci, istərsə ikinci Qarabağ savaşında Azərbaycanın ərazi bütövlüyü uğrunda ölkəmizdə yaşayan bütün etnosların nümayəndələri rəşadətlə vuruşublar. Talışların, ləzgilərin, yəhudilərin, rusların və digər xalqların nümayəndələri canlarını Azərbaycan uğrunda fəda ediblər. Bu gün biz Şəhidlər Xiyabanlarını ziyarət edəndə vətən uğrunda ölümün üstünə yürümüş heç bir qəhrəmana etnik və dini mənsubiyyətinə görə fərq qoymuruq. Çünki dünyəvi dövlət modeli və vahid xalq anlayışı Azərbaycanda heç bir ayrı-seçkiliyə imkan tanımır. Vətən Müharibəsi Qəhrəmanlarının siyahısına nəzər salaq… Onların hər biri Azərbaycanın və Azərbaycanlı bütövlüyünün simvoludur!

Müasir dövrdə dövlətlərin qüdrəti və tərəqqisi həm də kollektiv kimlik yaratmaq qabiliyyətindən asılıdır. Qarabağ müharibələri dövründə Azərbaycan xalqının vahid identifikasiyası ən yüksək səviyyədə düşmən bağrı çatladırdı. Odur ki, ölkəmizə qarşı aparılan informasiya savaşında Azərbaycanlı kimliyinin hədəfə alınması təsadüfi deyil. Məqsəd Azərbaycan Konstitusiyasının 5-ci maddəsində əks olunan xalqın vahidliyi və vətənin bölünməzliyi konsepsiyasını sarsıtmaqdır.
İspaniyanın sabiq təhsil naziri Manuel Kastels günümüzün ən önəmli düşüncə adamlarından biri sayılır. Onun “Şəbəkə cəmiyyyətinin yüksəlişi” adlı kitabı yeni nəsil intellektuallar arasında çox məşhurdur. Manuel Kastels deyir ki, kompüterlər, rabitə sistemləri, genetik şifrələrin açılması təkcə insan şüurunu inkişaf etdirmir, eyni zamanda, onun davamına çevrilir. Zehinlər və maşınlar arasında artan vəhdət öyrənmək, işləmək, xəyal qurmaq, mübarizə aparmaq və ölüm anlayışlarımızı da kökündən dəyişir. Bəs, o zaman anti-sekulyarların zehniyyəti niyə dəyişmir? Onlar da texnologiyalardan istifadə edirlər, süni intellektlə kollaj hazırlayırlar, amma enində-sonunda tərəqqi düşüncəsinə əngəl törədirlər. Nədən? Çünki ilk növbədə identifikasiya problemləri var. Teokratik sistemdən, ümmətçi zehniyyətdən doğan o problemlər “biz” anlayışlarını dar çərçivədə, çağın gerisində saxlayır. Biz isə azərbaycanlıyıq! Modern və dünyəvi bir dövlətin vətəndaşlarıyıq. Azərbaycan Respublikası bizim ümumi vətənimizdir. Eşq olsun Azərbaycana!
Taleh ŞAHSUVARLI