Azərbaycan və Peru viza ilə bağlı sənəd imzaladı

25 Sentyabr 2013 11:13 (UTC+04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 68-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri çərçivəsində Perunun xarici işlər naziri Eda Rivas ilə görüş keçirib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.

Azərbaycan ilə bir sıra Latın Amerikası ölkələri arasında əməkdaşlığın inkişaf etdiyini söyləyən Elmar Məmmədyarov Peru ilə də müxtəlif sahələrdə əlaqələrin inkişafı üçün əlverişli imkanların olduğunu nəzərə çatdırıb. Görüş zamanı Azərbaycan Respublikası Hökuməti və Peru Respublikasının Hökuməti arasında diplomatik və xidməti/xüsusi pasportlara malik olan şəxslərin viza tələbindən azad edilməsi haqqında saziş imzalanıb.

AzNews.az