“Azərbaycan qlobal iqlim dəyişikliklərinin təsirindən kənarda deyil” – Qorxmaz İbrahimli

5 İyun 2026 22:50 (UTC+04:00)

"Qlobal istiləşmə prosesi minillər boyu Yer kürəsində təbii olaraq baş verən iqlim dəyişikliklərinin davamı kimi dəyərləndirilə bilər. İnsan fəaliyyəti artdıqca, sənayeləşmə genişləndikcə və təbii mühitə müdaxilə çoxaldıqca bu proses daha da sürətlənib. Eyni zamanda qeyd edilməlidir ki, iqlim və hava dəyişikliklərinin elmi şəkildə ölçülməsi və sistemli şəkildə müşahidəsi nisbətən son 200–300 ilin hadisəsidir. Termometr, flüger kimi alətlərin ixtirası ilə təbiətdə baş verən dəyişikliklərin daha dəqiq izlənilməsi mümkün olub. XX əsrdə baş verən böyük müharibələr, sənaye inqilabının dərinləşməsi, nüvə silahlarının istifadəsi və atmosferə atılan tullantıların artması qlobal iqlim proseslərinə ciddi təsir göstərən amillər sırasında yer alır. Həmçinin kosmosun fəthi və sənaye inkişafı nəticəsində atmosferə buraxılan karbon qazının artması da bu prosesləri gücləndirib. Bununla belə, iqlim dəyişikliklərini yalnız istiləşmə kimi deyil, dövri olaraq baş verən təbii proses kimi də qiymətləndirmək mümkündür. Tarix göstərir ki, Yer kürəsi müxtəlif dövrlərdə həm istiləşmə, həm də soyuma mərhələlərindən keçib. Qlobal istiləşmə ilə bağlı elmi xəbərdarlıqlar bir neçə onillik əvvəl səsləndirilsə də, uzun müddət bu çağırışlara kifayət qədər diqqət yetirilməyib. 1970–80-ci illərdən etibarən isə məsələ daha ciddi şəkildə gündəmə gəlib, müxtəlif beynəlxalq konvensiyalar və razılaşmalar qəbul olunub. Kyoto və Paris iqlim sazişləri qlobal istiləşmənin qarşısının alınması və temperatur artımının məhdudlaşdırılması məqsədi daşıyır".

Bu fikirləri Aznews.az-a açıqlamasında ekoloq Qorxmaz İbrahimli deyib.

Qeyd edək ki, son illərdə qlobal miqyasda müşahidə olunan iqlim dəyişiklikləri Azərbaycan üçün də getdikcə daha hiss olunan təsirlərlə müşayiət olunur. Temperaturun yüksəlməsi, yağıntı rejiminin dəyişməsi, quraqlıq dövrlərinin uzanması və ekstremal hava hadisələrinin artması həm təbii ekosistemlərə, həm də kənd təsərrüfatı və su ehtiyatlarına ciddi təsir göstərir. Bu dəyişikliklər ölkənin müxtəlif regionlarında fərqli formada özünü büruzə verir və uzunmüddətli ekoloji risklərin müzakirəsini aktuallaşdırır.

Ekoloq qeyd edib ki, inkişaf etmiş sənaye ölkələrinin öhdəliklərə tam riayət etməməsi və bəzi dövlətlərin prosesdən uzaqlaşması bu sahədə ciddi çətinliklər yaradır.

"Hazırda BMT-nin İqlim Dəyişmələri üzrə Konfransları (COP) çərçivəsində bu istiqamətdə müzakirələr davam etdirilir. Azərbaycan da bu prosesdə fəal iştirak edir və xüsusilə COP29-un ölkədə keçirilməsi bu sahəyə verilən əhəmiyyətin göstəricisi kimi qiymətləndirilir. Qlobal istiləşmənin əsas nəticələrindən biri səhralaşma prosesinin güclənməsidir. Azərbaycan da bu baxımdan risk qrupuna daxil olan ölkələr sırasındadır. Ölkənin su ehtiyatlarının böyük hissəsi transsərhəd çaylar hesabına formalaşır ki, bu da su təhlükəsizliyi baxımından əlavə həssaslıq yaradır. Ona görə də su ehtiyatlarından səmərəli istifadə, torpaqların şoranlaşmasının qarşısının alınması və meliorativ tədbirlər xüsusi əhəmiyyət daşıyır. Son illərdə Kür–Araz ovalığında drenaj sistemlərinin təkmilləşdirilməsi, meliorasiya layihələrinin həyata keçirilməsi və su itkilərinin azaldılması istiqamətində müəyyən addımlar atılıb. Eyni zamanda, yaşıl enerji layihələri və ekoloji balansın qorunması yönündə tədbirlər də genişləndirilir. Digər mühüm problem şəhərləşmə və betonlaşmanın artmasıdır ki, bu da mikroiqlimə təsir göstərir və istilik adası effektini gücləndirir. Bu səbəbdən yaşıllıqların artırılması, meşə zolaqlarının genişləndirilməsi və ekoloji maarifləndirmə tədbirləri vacib hesab olunur. Qlobal istiləşmə kənd təsərrüfatına da birbaşa təsir göstərir. Suvarma sistemlərində mövcud problemlər, su israfı və ənənəvi üsulların tətbiqi bu təsirləri daha da artırır. Buna görə də müasir suvarma texnologiyalarına keçid və su resurslarının səmərəli idarə olunması prioritet məsələlərdən biridir. Xəzər dənizinin səviyyəsində müşahidə olunan dəyişikliklər də iqlim faktorları ilə yanaşı, hidroloji və regional amillərlə əlaqələndirilir. Son onilliklərdə səviyyənin enməsi əsasən çayların su axınının azalması, buxarlanmanın artması və iqlim dəyişiklikləri ilə izah olunur. Bununla belə, Xəzərin çoxillik dövri xarakter daşıyan qalxma-enmə prosesi də nəzərə alınmalıdır. Ümumilikdə, Azərbaycan iqlim dəyişikliklərinin kritik mərhələsində olmasa da, qlobal proseslərin təsirindən kənarda deyil. Buna görə də həm dövlət səviyyəsində, həm də ictimai davranış müstəvisində ekoloji yanaşmanın gücləndirilməsi, resurslardan qənaətlə istifadə və maarifləndirmə tədbirlərinin artırılması vacib hesab olunur. Su və təbii ehtiyatların qorunması isə gələcək ekoloji təhlükəsizliyin əsas şərtlərindən biridir".

Rəfiqə Namazəliyeva,

AzNews.az