NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardım paketini müzakirə edir

6 İyun 2026 09:52 (UTC+04:00)

NATO ölkələri Ukraynaya hərbi ehtiyaclar üçün 70 milyard avro həcmində yeni maliyyə dəstəyi ayrılması imkanını nəzərdən keçirirlər.

Bu barədə Politico nəşri alyansdakı diplomatik mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, yeni yardım paketinin gələn ay Ankarada keçiriləcək NATO sammiti zamanı elan olunması planlaşdırılır.

Bildirilir ki, nəzərdə tutulan 70 milyard avroluq vəsait tamamilə yeni maliyyə mənbələrindən formalaşmayacaq.

Təklif olunan plana əsasən, vəsaitin 30 milyard avrosu Avropa İttifaqının daha əvvəl Ukrayna üçün təsdiqlədiyi 90 milyard avroluq ikiillik kredit proqramından ayrılacaq.

Qalan 40 milyard avronun isə NATO üzvü olan dövlətlərin ikitərəfli öhdəlikləri çərçivəsində təmin edilməsi nəzərdə tutulur.

Politico-nun məlumatına görə, təşəbbüs Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi və hərbi ehtiyaclarının qarşılanmasına yönəlib. Yardım paketinin yekun parametrləri və maliyyələşdirmə mexanizmləri ilə bağlı müzakirələr davam edir.

Mövsüm,

AzNews.az